Əfqanıstanda yenə şiələrə qarşı terror oldu: 33 nəfər şəhid, 74 nəfər yaralı var
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Qəndəharın “İmam Barqah Fatimiyyə” məscidində üç partlayış baş verib. Şahidlərin sözünə görə ilk partlayış məscidin girişində, ikinci partlayış isə məscidin içərisində baş verib.
“İmam Barqah” hər həftə cümə namazının qılındığı Qəndəharın şiə məscididir.
Taliban sözçüsünün müavini Bilal Kərimi partlayış xəbərini təsdiqləyərək deyib: “Əfqanıstanın cənubundakı Qəndəhar məscidində partlayış baş verib.”
O, partlayış nəticəsində ölən və yaralananlar barədə əlavə məlumat verməyib.
Əl Cəzirə telekanalı Əfqanıstan təhlükəsizlik mənbəsinə istinadən Qəndəhar şiə məscidində cümə namazı zamanı baş verən partlayış nəticəsində ən az 33 nəfərin öldüyünü və 57 nəfərin yaralandığını bildirib.
Bu arada Əfqanıstan Səhiyyə Nazirliyinin rəsmisi AFP -yə bildirib ki, indiyədək 33 nəfərin cəsədi və 74 nəfər yaralı xəstəxanaya çatdırılıb.
O, belə əlavə edib: “Xəstəxana bu hadisənin yaralılarıyla doludur və təcili olaraq bu tibb mərkəzində qana ehtiyacımız var.”