Əl-Cəzirə: Amerika cəmiyyətində İsrail əleyhinə inanclar güclənib
Müxtəlif sorğular xüsusilə amerikalı gənclərin sionist rejimə qarşı siyasi oriyentasiyasının dəyişdiyini göstərir.
Onilliklər ərzində Amerika cəmiyyəti sionist rejimi dəstəkləyirdi. Lakin bu vəziyyət son illərdə amerikalı gənclər, xüsusən də tələbələr arasında Fələstin məsələsinə artan dəstəklə dəyişdi.
“Əl-Cəzirə”nin məlumatına görə, “İsrailin mövcud olmaq hüququ”, “terrorçuların sıxışdırılması” və “antisemitizm” kimi şüarlar və anlayışlar artıq ABŞ məkanında dominant mövzu deyil. Əvəzində “irqi ayrı-seçkilik”, “torpaq oğurluğu” və “irqi təmizləmə” kimi anlayışlar amerikalı gənclər arasında populyarlaşıb.
Keçən ay tanınmış amerikalı yazıçı və New York Times qəzetinin köşə yazarı Tomas Fridman İsrail liderlərinə sağçı anti-hökumət siyasətləri yürütməmək barədə xəbərdarlıq etmiş və rejimin amerikalı tələbələr arasında mövqelərini itirməkdə olduğunu yazmışdı.
Bu baxımdan o, tələbə birliklərinin sionist məsul şəxslərin universitetlərdə mövcudluğu və çıxışlarına qarşı müqavimət və qarşısının alınmasına işarə edib.
“Pew” Araşdırma Mərkəzi martın 6-dan martın 13-dək 10 min 400 amerikalı arasında keçirilən sorğuda yazıb ki, amerikalılar əvvəllər fələstinlilərlə müqayisədə israillilərə münasibətə müsbət yanaşırdılar, lakin son illərdə, xüsusilə 18-29 yaşlı gənclər arasında bu məsələ əhəmiyyətli dərəcədə dəyişib, onların 61%-i Fələstin xalqına müsbət baxır.
Sorğunun nəticələrinə görə, gənc amerikalıların 35%-i Fələstin liderləri haqqında müsbət fikirdədir, bu göstərici sionist hökumətlə bağlı 34% təşkil edir.
ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin keçmiş müavini David Mac 1967-ci il Altı Günlük Müharibə zamanı Şərqi Qüdsdəki ABŞ konsulluğunda çalışarkən Əl-Cəzirə telekanalına deyib: “ABŞ-ın ictimai məkanı gələcəkdə ərəb-İsrail münaqişəsinin əhəmiyyətli dəyişikliklərinin şahidi olacaq.”
David Macın fikrincə, İsraildəki ekstremist cərəyanlara davamlı dəstək – xüsusən də, Konqresdə və keçmiş prezident Donald Trampın prezidentliyi dövründə – hələ də Amerika siyasətində ən güclü və ən dominant istiqamət olaraq qalır. Mac vurğulayıb ki, savadsız amerikalılar – xüsusilə sağçı Respublikaçı siyasi namizədlərlə müttəfiq olan sağçı yevangelist xristian kilsələrindən olanlar – sionist rejimi böyük ölçüdə dəstəkləyirlər.