10-cu əsrə aid qadın döyüşçünün məzarı tapıldı – FOTO

Macarıstanda arxeoloqlar fəth zamanı qadınların rolundan xəbər verən tapantı aşkarlayıblar.
Seqed Universiteti və Macarıstan Tədqiqatlar İnstitutunun alimləri Sarretudvari-Hisofold qəbiristanlığında 10-cu əsrə aid qadın döyüşçünün məzarını tədqiq ediblər.
Madyarlar (macarlar) eramızın 830-cu illərində Avrasiya çöllərindən Aşağı Dunay çayının ətrafına köçüb. Eramızın 9-cu və ya 10-cu əsrinin əvvəllərində Karpat hövzəsinə çatıblar. Atlı oxatanları ilə tanınan madyarlar bölgədə hökmranlıq edib və əsrin sonunda Macarıstan Krallığını qurublar.

Bu dövrə aid kişi məzarlarında tez-tez müxtəlif silahlar: yay-oxr, qılınc və baltalara rast gəlinir. Lakin qadın məzarında tapılan silahlar xeyli elmi müzakirələrə səbəb olub, çünki bu tapıntılar heç də həmişə həmin şəxsin döyüşçü olduğunu göstərmir.
Tədqiqat 1980-ci illərdə qazılmış, lakin müasir fənlərarası metodlardan istifadə etməklə bu yaxınlarda yenidən təhlil edilmiş 63 nömrəli qəbirdə (SH-63) aparılıb. Skeletin pis vəziyyətdə olmasına baxmayaraq, genetik analiz onun qadına məxsus olduğunu təsdiqləyib.

Qəbrin içindəkilər arasında kaman,ox parçaları, gümüş saç bəndi, şüşə və yarı qiymətli daşlardan hazırlanmış boyunbağı tapılıb. Tədqiqatçılar bildirib ki, bu tapıntılar həmin qəbiri eyni qəbiristanlıqdakı digər qəbirlərdən fərqləndirir.