Ermənilərin təxribatları sistemli xarakter alarsa… – Deputat

Ermənilərin təxribatları sistemli xarakter alarsa… – Deputat

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Millət vəkili bildirib ki, Brüssel görüşündən dərhal sonra Ermənistanın xarici işlər naziri Mirzoyan, daha sonra baş nazir Paşinyan Moskvaya dəvət olundular:

“Mirzoyanla görüşdən sonra Sergey Lavrovun Ermənistanı silahlandıracaqları ilə bağlı ziddiyyətli bəyanatı yeni şübhələr yaradır və  anlaşılan deyil. Heç kim üçün sirr deyil ki, Ermənistanın revanşist siyasi müxalifəti Rusiya tərəfindən dəstəklənir. Orduda, müxtəlif dövlət strukturlarında Paşinyan iqtidarı ilə hesablaşmayan kifayət qədər Rusiyameyilli qüvvələr mövcuddur. Eyni zamanda Paşinyanın özü də əsil erməni xislətinə uyğun olaraq müxtəlif qütblərdən gələn təzyiqlər nəticəsində tez-tez fikirlərini dəyişir. İmzaladığı razılaşmalardan imtina edir”.

Deputatın fikrincə, təxribatın ikinci səbəbi “24 aprel ümummilli erməni xəstəliyi” ilə əlaqədar ola bilər:

“Hər il dünya erməniliyi tərəfindən saxta soyqırımı hadisəsi qeyd edilir. Türkiyə və Azərbaycan bayraqları yandırılır. Beyinləri zəhərlənmiş yeni nəsillər türklərdən intiqam almaq arzusu ilə alışıb yanır. Hətta sovet dövründə belə Ermənistanda yaşayan soydaşlarımız aprelin 24-də ehtiyatlı davranır, millətçilərlə qarşılaşmamağa çalışırdılar. Ona görə də düşünürəm ki, sonuncu təxribat saxta erməni “soyqırımının” ildönümü ilə əlaqədar hansısa revanşçı qrupun işi ola bilər. Bu cür təxribatların gələcəkdə də olması gözlənilir. İstənilən halda məsuliyyət tamamilə Ermənistan dövlətinin üzərinə düşür”.

Nəsib Məhəməliyev düşünür ki, xarici işlər nazirlərinin birbaşa təmasları müsbət haldır:

“Razılaşmaların icra vəziyyəti, ortalığa çıxan problemlər müzakirə olunur, həlli istiqamətində addımlar atılır. Proses ağır da olsa, gedir. Pərdəarxası məqamlara gəldikdə, deyə bilərəm ki, böyük siyasət pərdəarxası məqamlarsız ola bilməz. Ələlxüsus, Cənubi Qafqaz kimi mürəkkəb bir regionda. Bu coğrafiya tarixən qlobal güclərin maraqlarının toqquşduğu məkan olaraq tanınıb. Son 200 ildə isə ermənilərin köçürülməsi bölgənin geosiyasi vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdırıb. Regionu təsir dairəsində saxlamaq istəyən qlobal güclərin rəqabəti zaman-zaman açıq və yaxud gizli müstəvidə aparılır. Hazırkı vəziyyət elədir ki, beynəlxalq  birlik Azərbaycanın müharibədən sonra yaratdığı reallıqları qəbul edir, hesablaşırlar. Ölkəmiz həm Avropa, həm də Rusiya üçün mühüm tərəfdaşdır və onların hər biri ölkəmizin təbii hüquqlarına hörmətlə yanaşmağa borcludurlar. Əgər ermənilərin təxribatları sistemli xarakter alarsa, Azərbaycan dövləti hərbi və diplomatik müstəvidə öz üzərinə düşən vəzifələri icra edəcək. Dəmir yumruq yerindədir”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 15 =