Ağdaşım Pirəyir kəndində nələr baş verir: sakinlərin tük ürpədən iddiaları-Video

Ağdaşım Pirəyir kəndində nələr baş verir: sakinlərin tük ürpədən iddiaları-Video

Ağdaş rayonunun Pirəyir kəndinin sakinləri kəndin örüş torpaqlarından istifadə edə bilmədikləri şikayəti ilə bizə üz tutdu.

Biz də APA TV olaraq mikrofonumuzu götürüb yollandıq həmin kəndə. Camaat dedi ki, 1000-ə yaxın əhalisi olan bu kənddə 1500-dən çox iri və xırda buynuzlu heyvan var. 1998-ci ildə Pirəyir kəndi üçün ayrılan 35 hektar örüş ərazisində isə indi mal-qara otarmaq mümkün deyil. Çünki həmin ərazidə hazırda Nehrəxəlil kənd sakini Bəhərçin Kərimovun ağacları, yoncaları böyüməkdədir.

Kənd sakinləri onu da əlavə elədilər ki, bu günlərdə kəndin 4 sakini öz inəklərini adıçəkilən ərazidə otardığına görə Bəhərçin Kərimov vətəndaşlar barədə məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə həmin 4 nəfər ümumilikdə 8 min manat cərimələnib.

Camaat deyir ki, dəfələrlə kənd bələdiyyəsinə, icra hakimiyyətinə, prokurorluğa müraciət ediblər. Amma hələ də heç bir real nəticə əldə etməyiblər.

Kənddə baş verənlər bununla da bitmir. Sakinlər Bəhərçin Kərimovu həm də adı çəkilən ərazidəki 350-ə yaxın ağacı kəsməkdə də günahlandırır.

Bütün şikayətləri eşidəndən sonra sakinlərin tez-tez adını hallandırdığı Bəhərçin Kərimovla əlaqə saxladıq. Dedik ay bəy bu nə məsələdir? Camaat deyir ki, bütöv bir kəndi bir-birinə qatmısız. O isə cavab verdi ki, kəsilən ağacları ona verilən 4 hektar pay torpağının kənarına 15 il öncə atası ilə birgə əkib. Ağacları kəsməsinin səbəbi isə ərazidəki kol-kosla birgə yanmış olmalarıdır: “Mən yanmış ərazini təmizləyərkən ağacları oradan götürüb yolun kənarına yığmışam. Ağacları qəsdən yandırıblar, mən isə yanmış ağacların yerinə ağaclar əkmişəm……..”

Bəhərçin Kərimov pay torpağının yanındakı örüş yeri ilə bağlı danışarkən bildirdi ki, o kəndin 16 hektar örüş yerini 2000-ci ildə həmin vaxtlar Pirəyir bələdiyyəsinin sədri olmuş Vaqif Səmədovun dövründə icarəyə götürüb, daha sonra 2300 manat ödəniş edərək alqı-satqı yolu ilə əldə edib. Onun sözlərinə görə, 2016-cı ildə Şəki İqtisad Məhkəməsinin qərarından sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb, həmin əraziyə yonca toxumu səpib, barama qurdu bəsləmək üçün Çindən gətirilən 500 ədəd tut tingi əkib.

Bəhərçin Kərimov onu da qeyd etdi ki, artıq 5-6 ay olar ki, ərazidən istifadə edə bilmir, həmin yerdə sakinlər heyvan otarır.

Yaranan vəziyyət bizi də çaş-baş qoydu. Odur ki, üz tutduq aidiyyəti qurumlara, soruşduq ki, problem haradan qaynaqlanır? Nə vaxt və necə həll etməyi düşünürsüz? Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəyir kənd inzibati dairəsi üzrə nümayəndəsi Elsevər Hacıyev isə bildirdi ki, orada qanunsuz hərəkət varsa tədbir görüləcək.

Biz də soruşduq ki, ay müəllim bəs örüş yerinin satılması qanunidirmi? Açığı sualımız çox oldu, cavab isə eyni.

Araya düşən uzun bir səsizlikdən sonra biz də ağacların kəsilməsi iddiası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. O da şifahi olaraq bildirdi ki, hazırda nazirliyin yerli regional idarəsinin mütəxəssisləri kəsilmiş ağaclarla bağlı Pirəyir kəndindəki həmin əraziyə baxış keçirir, araşdırma aparılır, bununla bağlı yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək.

Bu qalma-qalın, çaxnaşmanın içində isə 1500-dən çox günahsız mal-qara otlamağa örüş yeri axtarır. Ümid edirik ki, qısa bir zamanda kəndin inəkləri üçün heç kimin şəxsi mülkü olmayan örüş sahəsi tapılar.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − seven =