İrəvan Qarabağı sonraya saxlayır: Bakının strategiyası nədir?

İrəvan Qarabağı sonraya saxlayır: Bakının strategiyası nədir?



Proseslər göstərir ki, rəsmi Bakı və Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil.

Azərbaycan üçün Qarabağ de-fakto və de-yure daxili məsələdir və öz daxili məsələsini Ermənistanla danışıqlar masasına çıxarmaq, İrəvanın “status” mövqeyini gücləndirə bilər.

Bakı Qarabağdakı separatçı-terrorçularla bağlı məsələnin həllini sonraya saxlayır və şərtlərin yetişməsi üçün mərhələli strategiya tətbiq edir: sülh sazişi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını de-yure təsdiqləyir və bununla Qarabağdakı ermənilərin Ermənistanla bağı qoparılır; bundan sonra separatçı-terrorçu rejimin ləğvi edilməsi, erməni əhalisinin Azərbaycan vətəndaşlığı altında yaşaması, yaxud da getməsi seçiminin aktivləşməsi imkanları genişlənəcək; Qarabağın sülh sazişinə daxil edilməsi “status” məsələsinin də prosesə daxil edilməsi riskini yarada və Bakı üçün danışıqları ağırlaşdıra bilər;

Ermənistan hakimiyyəti ərazi bütövlüyünün tanınması tələbi ilə sülh sazişinin imzalanmasını qəbul edir, lakin Qarabağ məsələsinin ayrıca komponent kimi saxlanılmasından yanadır: Qarabağ sülh sazişi formatına daxil edilərsə, İrəvan bölgə üzərində Bakının hakimiyyətini tanımış olacaq və bu, daxildə siyasi böhran yarada bilər; Paşinyan Qarabağı ayrıca məsələ kimi saxlamaqla daxili ictimai rəydə və diaspor qarşısında qondarma “arsax”dan imtina etmədiyini göstərmək niyyətindədir; və sülh sazişindən sonra Qarabağ ermənilərini “hüquqi məsələ” olaraq gündəmdə saxlamağı planlaşdırır; erməni baş nazirin “bizim üçün Qarabağ ərazi yox, hüquqi məsələdir” sözləri də buna hesablanıb;

İrəvanın öz maraqları naminə siyasi oyun qurduğu aydındır, hərçənd, sülh sazişinin imzalanması Bakının Qarabağdakı separatçıların təmizlənməsi imkanlarını və mümkün hərbi addımların legitimliyini gücləndirəcək.

Paşinyanın çıxışında iki məqam da diqqət çəkdi:

– erməni baş nazir izah etməyə çalışır ki, Qarabağı “hüquqi məsələ” kimi sonraya saxlamasalar, bu imkandan da məhrum olacaqlar və sülhü  gecikməsi yeni toqquşmalar yarada bilər;
– sülh sazişini imzalamaq və Qarabağı ayrıca məsələ kimi saxlamaq ssenarisi “yeganə çıxış yolu” kimi müxalifət və Xankəndidəki separatçılarla müzakirə edilir;

Revanşistlərin Paşinyanla razılaşmayacağı bəllidir və bu, Ermənistan daxilində siyasi böhranı dərinləşdirə bilər. Proseslərin bu istiqamətdə inkişafı Bakının hərbi müstəvidə mümkün addımlarına zərurət yarada bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 2 =