Şamaxıda üzümlüyə düşən helikopter: 4 neftçi həyatını necə itirmişdi? – Bir qəzanın TARİXÇƏSİ

Şamaxıda üzümlüyə düşən helikopter: 4 neftçi həyatını necə itirmişdi? – Bir qəzanın TARİXÇƏSİ

Tarix: 23 mart 1973-cü il.

109-cu aviadəstəyə məxsus olan “Mi-2” helikopteri “Azərneftkəşfiyyat” trestinin Qobustan bölməsinin mütəxəssislərini götürərək saat 12.10-da havaya qalxır. Marşrut belə təyin edilmişdi: Ələt – Hacıqabul – Udullu-1 – Udullu-2 – 3 saylı qazma qurğusu (Şamaxının Quşçu kəndinin 4 km cənub-şərqi).

Lent.az sovet arxivlərinə istinadla xəbər verir ki, hava şəraiti Zabratdan verilən məlumatlarla üst-üstə düşürdü və uçuş üçün tam əlverişli idi: 10 km görmə məsafəsi, parçalı buludlu gün, dumansız dağlar. Saat 12.50-də heyət 3 saylı qazma qurğusu adlanan obyektə təhlükəsiz şəraitdə çatır və Zabrata məruzə edilir. İşləri həll etdikdən sonra saat 13.10-da pilot təkrarən vertolyotu qazma qurğusunun yaxınlığındakı meydançadan havaya qaldırır və 10 dəqiqə sonra əlaqə itir.

Şahid ifadələrinə əsaslanan komissiyanın rəyinə görə, vertolyot qazma qurğusuna endikdən sonra hava kəskin pisləşir. Bununla belə, komandir normativləri aşkar şəkildə pozaraq uçuşa davam etməyə qərar verir. Dağların dumanla örtüldüyünü gördükdə artıq gec idi.  Pilot geriyə – qazma qurğusuna qayıtmaq istəsə də mümkün olmur. O, üzümlüyün arasındakı traktor yoluna enməyə qərar verir. Eniş vaxtı quyruq vinti üzümlükdəki beton dirəklərə ilişərək qopur. Helikopter isə sağ tərəfi ilə yerı çırpılaraq alışır. Quruq hissəsi ilə əsas hissə bir-birindən 22 metr aralıda tapılır.

Yanan maşının köməyinə Xəqani kolxozuna məxsus üzümlükdə işləyən kolxozçular yetişir. Onlar helikopteri söndürsələr də artıq gec idi. Pilot və Azneftin 4 əməkdaşı artıq həyatını itirmişdi. 

Hadisə saat 13.20-də Şamaxının Quşçu kəndinin 4 km cənub-şərqində baş verib. Yəni, havaya qalxdıqdan cəmi 10 dəqiqə sonra.

Komissiyanın rəyinə görə, qəzaya pilotun əlverişsiz havada qaydaları pozaraq uçuş həyata keçirməsi səbəb olub.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =