Heç yerdə görmədiyiniz yeni SİLAHLARIMIZ – TOP, BOMBALAR, TÜFƏNGLƏR, ROBOTLAR…

Heç yerdə görmədiyiniz yeni SİLAHLARIMIZ – TOP, BOMBALAR, TÜFƏNGLƏR, ROBOTLAR…

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisinin ikinci günüdür.

APA TV olaraq sərgidə hər kəsin diqqətini cəlb edən və böyük maraqla qarşılanan silahlardan bəzilərini sizə təqdim edəcəyik.

 “QFAB-250 LG” HE bombası – Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin ASELSAN şirkətinin birgə layihəsi əsasında hazırlanıb və 250 kq çəkisi var.

Qəlpəli-fuqaslı Avia Bomba daha dəqiq nişan almağa malikdir. O, hərbi texnikanı, qurğuları, hərbi sənaye və energetika obyektlərini, nəqliyyat vasitələrini, aerodromdakı təyyarələri, anbarları, körpüləri, canlı qüvvəni və düşmənin digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

Digər maraqla qarşılanan silah isə “ZƏRBƏ-BK1” birdəfəlik aviasiya konteyneridir. 25 kq döyüş elementləri olan bu qurğu kiçik kalibrli aviasiya bombalarının bir dəfədə çoxsaylı istifadəsinin təmin edilməsi üçündür. “ZƏRBƏ-BK1” Hərbi Hava Qüvvələri tərəfindən böyük ərazidə yerüstü hədəfləri, habelə canlı qüvvəni və yüngül zirehli texnikaları sıradan çıxarmaq üçün nəzərdə tutulub.

30 mm-lik avtomatik top AT 30 silahı da sərgi iştirakçılarının diqqətini cəlb edib. Bu silah düşmənin 1500 m-ə qədər məsafələrdə yerləşən yüngülzirehli hədəfləri və tank əleyhinə raket kompleksləri, uzaq məsafələrdə yerləşən düşmənin canlı qüvvələrini və zirehli vasitələri, həmçinin 2000 m-ə qədər hündürlükdə və 2500 m-ə qədər maili uzaqlıqda, səs sürətindən az sürətlə uçan hava hədəfləri ilə mübarizə aparmaq, yüngül səhra tipli sığınacaqlar arxasında yerləşən atəş vasitələri və canlı qüvvəyə uzaq məsafədə yerləşən zirehsiz və qrup hədəfləri ilə mübarizə üçün nəzərdə tutulub.

Uzaqdan idarə olunan “SCN-Dəmir” Stabilizə Silah Sisteminin özəllikləri içərisində isə məsafədən idarə olunma, avtomatik hədəfin izlənməsi, avtomatik ballistik hesablama, yüksək vuruş dəqiqliyi, asimmetrik təhlükələrə qarşı effektiv müdafiə, avtomobilin içərisindən sursatın yüklənməsi kimi xüsusiyyətlər göstərilib.

7.62×54 mm-lik “Yırtıcı” yarımavtomat snayper tüfəngi isə peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb.

Nümayiş etdirilən “Ovçu-G4”, “Turaz”, “Fatum” və “Tilt Rotor” pilotsuz uçuş aparatları isə bu il istehsal edilib. “Tilt Rotor” pilotsuz uçuş aparatı uzunmənzillidir, bununla yanaşı, həmçinin yük daşıma imkanı da var. “Fatum” isə kəşfiyyat aparır, eyni zamanda, zərbə dronudur. Onun effektiv döyüş başlıqları 2 kq-dır. Uçuş məsafəsi 10 km-dir. “Turaz” isə kəşfiyyat xarakterli pilotsuz uçuş aparatıdır. Onun telemetriya sistemi 30-200 km arası təyinata uyğun olaraq təmin edilə bilir. “Ovçu–G4” isə infraqırmızı kamera ilə birləşdirilmiş minaatan (82 mm) buraxılış qurğusu ilə təchiz edilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =