Kreml: Putin və Rəisi Səmərqənddə görüşəcəklər
Kreml İran və Rusiya prezidentlərinin Səmərqənddə görüşəcəyini açıqlayıb
Kreml Rusiya prezidenti Vladimir Putinin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşəcəyini açıqlayıb.
Kreml sarayının mətbuat katibinin sözlərinə görə, İran bu təşkilatın üzvü kimi Şanxay Əməkdaşlıq Təşkilatının Hindistanda gələn il keçiriləcək iclasında da iştirak edəcək.
Kreml əlavə edib ki, Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Özbəkistana səfəri zamanı Türkiyə və Özbəkistan prezidentləri ilə görüşəcək və Ukrayna taxılının ixracına dair sazişi müzakirə edəcək.
Kreml Sarayının açıqlamasına görə, Putin cümə axşamı Səmərqənddə Çin prezidenti ilə görüşəcək və bu görüşün diqqət mərkəzində Ukrayna və Tayvan olacaq.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin prezidentlərinin görüşü sentyabrın 15-də və 16-da Səmərqənd şəhərində keçiriləcək. Bu görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin prezidentlərinin 2019-cu ildən bəri ilk təkbətək görüşü və Özbəkistanın bu təşkilata sədrliyi ilə olacaq.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələrin, o cümlədən Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan prezidentləri bu iclasda iştirak edəcəklərini təsdiq ediblər.
Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi ölkələrinin prezidentlərinin və tərəfdaş təşkilatların – Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqının rəhbərlərinin də bu iclasda iştirakı gözlənilir.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də Çinin Şanxay şəhərində Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən yaradılmış beynəlxalq hökumətlərarası təşkilatdır.
Təşkilatın 8 və 9 iyun 2017-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv olublar. Hazırda İran Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüklə bağlı addımlar və proseslərdən keçir.
İndi Əfqanıstan, Monqolustan və Belarus bu təşkilatın müşahidəçi üzvləridir.
Türkiyə, Şri-Lanka, Ermənistan, Azərbaycan, Nepal və Kamboca bu təşkilatla dialoq üzrə tərəfdaşlardır.
Şanxay Əməkdaşlıq Təşkilatının 2021-ci ilin sentyabrında Düşənbə şəhərində keçirilən iclasında Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun verilməsi addımları və prosesləri başlayıb.