Noyabrda Ermənistanla SÜLH müqaviləsi imzalanır? – TƏFƏRRÜAT

Noyabrda Ermənistanla SÜLH müqaviləsi imzalanır? – TƏFƏRRÜAT

Erməni nəşrlərinin bu iddiaları nə dərəcədə doğrudur? Doğrudanmı gələn ay Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsi imzalana bilər? Yoxsa bu erməni mediasının növbəti uydurmasıdır?

Məsələ ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənməyə çalışdıq.

Politoloq Qabil Hüseynli Publika.aza açıqlamasında bildirib ki, 44 günlük müharibənin bitməsinin iki illiyi ərəfəsində Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanması mümkündür:

“Vaxt baxımından nəyəsə şübhə etmək olar. Amma həqiqətən də sülh müqaviləsinin layihəsi üzərində hər iki tərəfdən iş gedir. Deməli, əvvəlcədən razılaşdırılmış vaxta görə bu ayın sonlarında hər iki tərəf özünün razılaşdırılmış varinatını xarici işlər nazirləri vasitəsilə görüşüb müzakirə etməli idilər. Bundan sonra prezidentlər görüşəcəkdilər. Həmin görüş isə noyabr ayına nəzərdə tutulub. Prezident Əliyevlə baş nazir Paşinyan arasındakı görüşün keçirilməyəcəyi ilə bağlı hər hansı informasiya yoxdur. Bu nöqteyi-nəzərdən hesab etmək olar ki, xarici işlər nazirlərinin razılaşdırdığı sülh müqaviləsinin layihəsi prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın müzakirəsinə verilsin. Bu müzakirələr Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə gündəmə gətirilə bilər. Hər halda, od olmasa, tüstü çıxmaz. Deməli, bu istiqamətdə bu və ya digər işlərin getdiyi görülür. Bu işlərin ümumi səviyyəsi haqqında hər iki tərəf rəsmi məlumatları paylaşmağa tələsmir. Bu da müxtəlif şaiyələrə, yozumlara gətirib çıxarır”.

Politoloq güman edir ki, bu ayın ortalarına qədər rəsmi məlumatları hər iki tərəf gündəmə gətirə bilər:

“Həmin rəsmi məlumatlarda sülh layihəsinin hazırlıq səviyyəsi, razılaşdırılmış məqamlar və fikir ziddiyəti doğuran məsələlər gündəmə gətirilsin. Çünki Ermənistan Azərbaycanın 5 şərtini qəbul etsə də, son zamanlar ermənilər müəyyən cığallıqlar edirlər. Müəyyən məsələləri konteksdən çıxarmağa çalışırlar. Hazırda sülh müqaviləsinə maneə yaradan əsas məsələ Qarabağın Dağlıq hissəsində yaşayan ermənilərin “statusu”dur. Bununla bağlı hər gün işləri korlayan proseslər baş verir. Məsələn, erməni milyonçu Vardanyanı Qarabağdakı separatçılar “dövlət naziri” təyin etdilər. Nikol Paşinyan isə sülh razılaşmasının “dqr” nümayəndələrinin olmadan aparılması ilə bağlı səsləndirdiyi fikirlər çox təhlükəlidir. Üstəlik, onlar qeyd edirlər ki, Azərbaycan Dağlıq Qarabağ adlanan qondarma qurumla ayrıca, “müstəqil subyekt” kimi danışıqlar aparmalıdır. Yəni, bir tərəfdən, müsbət, digər tərəfdən də ortamı gərginləşdirən informasiyalar eşidirik. Ortada həm Ermənistandan, həm də qondarma qurumun “rəhbəri” Araik Arutyunyan tərəfindən səsləndirilən qıcıqlandırıcı fikirlər var. Bütün bunlara baxmayaraq, böyük ehtimalla biz ilin sonuna qədər böyük sülh müqaviləsinin imzalanacağını düşünə bilərik. Əsas məsələ sərhədlərin delimitasiyadır. Orada da ciddi problem olmayacaq. Amma Dağlıq Qarabağdakı ermənilərin “statusu” ilə onları Ermənistanla birləşdirəcək yolun statusunun müəyyən edilməməsi müəyyən suallar doğurur. Bu məsələ barəsində müəyyən mülahizələr söyləmək olar. Həmin mülahizələrin nə dərəcədə doğru olması ilə bağlı israr etmək bir qədər çətindir”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 2 =