Nyu York metrosunda qətl, zorlama, soyğunçuluq tüğyan edir

Nyu York metrosunda qətl, zorlama, soyğunçuluq tüğyan edir

Nyu York metrosunda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb.

Publika.az “report”a istinadla xəbər verir ki, bu barədə Nyu York şəhərinin meri Erik Adams məlumat verib.

Onun sözlərinə görə, son günlər dünyanın ən böyük metropolisi sayılan Nyu York şəhərinin metrosunda qətl, zorlama, soyğunçuluq, hücum, oğurluq kimi cinayət hadisələri kütləvi hal alıb:

“Bu da yerli sakinləri və turistləri ciddi narahat edir. Ona görə də insanları qorxuya salan və yerli medianın gündəmini zəbt edən cinayət hadisələrinin qarşısını almaq üçün mübarizə səyləri gücləndiriləcək. Ötən illə müqayisədə dünyanın ən qədim metrolarından olan Nyu Yorkun ictimai tranzit sistemində cinayət nisbəti 40 faizdən çox artıb. Metroda hər gün zorakılıq və oğurluq hallarına rast gəlinir. İl ərzində metroda 9 nəfər şiddət nəticəsində ölüb, yüzlərlə şəxs yaralanıb. Cinayət hadisələrinin qarşısının alınması üçün ciddi tədbirlər planı həyata keçirilir”.

E.Adams bildirib ki, Nyu York sakinlərinin metroda təhlükəsizliklə bağlı ciddi narahatlığı nəzərə alınaraq tranzit nəqliyyat sisteminə nəzarət edən polis məmurlarının sayı artırılacaq:

“Son günlərdə şəhər metrosunda təhlükəsizlik ən üst səviyyəyə çatdırılıb, metro sistemində 24 saat ərzində 1 200 polis növbə tutur. Həmçinin stansiyalarda və qatar vaqonlarında təhlükəsizlik kameralarının sayı da artırılacaq. Nyu Yorkun yerli mediasında metro stansiyalarında baş verən cinayətlərin şəhərin küçələrində yaşayan evsiz və ruhi xəstəlikləri olan insanlar tərəfindən törədildiyi yazılır. Həmin insanların müalicəsi üçün şəhərdə 50 çarpayılıq iki yeni psixiatriya mərkəzinin yaradılması da planlaşdırılır”.

Qeyd edək ki, Nyu York metrosu 472 stansiyası və təxminən 1070 kilometr uzunluğu ilə dünyanın ən böyük, qədim və mürəkkəb yeraltı nəqliyyat vasitələrindən sayılır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + eleven =