İngiltərə və Uelsdə müəllimlər mitinq edir
İngiltərədə inflyasiyanın artdığı bir vaxtda bu ölkənin müəllimləri və təhsil həmkarlar ittifaqının üzvləri aksiyalar təşkil edərək iş şəraitinə və aşağı maaşlara etiraz etməyi planlaşdırırlar.
İngiltərə və Uelsdə müəllimlər çərşənbə günü mitinqə hazırlaşırlar.
Bu, “Milli Təhsil” həmkarlar ittifaqının çağırışı ilə həyata keçirilən ilk yeddi günlük tətil olacaq. Bu həmkarlar ittifaqı Böyük Britaniyada təhsil sektorunun ən böyük həmkarlar ittifaqıdır.
“Guardian” qəzetinin məlumatına görə, müəllimlərdən başqa, İngiltərə və Uelsdəki təhsil həmkarlar ittifaqının üzvləri də tətil edəcəklər. 7 günlük aksiya zamanı 23 400 məktəbin böyük problemlərlə üzləşəcəyi təxmin edilir.
İttifaq üzvlərinin növbəti aksiyası fevralın ortalarında Uelsdə keçiriləcək. Fevralın sonunda İngiltərədə növbəti tətil olacaq.
Şotlandiyada da təhsil sektorunda nümayişlər planlaşdırılır.
Şimali İrlandiyada müəllimlərin əksəriyyəti fevral ayında aksiya keçirəcək.
“The Guardian” yazır ki, ingilis təhsil işçiləri inflyasiyadan daha yüksək maaş artımına can atırlar.
Britaniya hökuməti keçən yay müəllimlərin maaşlarının 5% artacağını bildirmişdi. Amma müəllimlərin həmkarlar ittifaqı ikirəqəmli inflyasiyaya görə bu təklifi rədd edib.
Son günlər İngiltərə və Uelsdə də minlərlə təcili yardım işçisi yaşayış şəraitinə və iş şəraitinin yaxşılaşdırılmasına etiraz olaraq tətillər ediblər.
Böyük Britaniyada tətillərin artdığı bir vaxtda hökumət tətillərin sayını azaltmaq üçün yeni qanunlar təklif edib ki, bu da şirkətlərə gələcək tətillər üçün həmkarlar ittifaqlarını məhkəməyə verməyə və bu tətillərdə iştirak etdiklərinə görə işçiləri işdən çıxarmağa imkan verəcək.