Braziliya Amerikanın təzyiqinə məhəl qoymayıb: İran gəmiləri Rio-de-Janeyroda dayanıb

Braziliya Amerikanın təzyiqinə məhəl qoymayıb: İran gəmiləri Rio-de-Janeyroda dayanıb

Amerikanın təzyiqinə məhəl qoymayan Braziliya hökuməti iki İran gəmisinin Rio-de-Janeyro limanında yanaşmasına icazə verib.

Beynəlxalq xəbər mənbələri bu gün, bazar ertəsi bildiriblər ki, Braziliya Prezidenti Luiz İnasiu Lula Da Silva hökumətinin icazəsi ilə iki İran gəmisi Rio-de-Janeyro limanına yanaşıb.

Reuters xəbər agentliyi Rio-de-Janeyro limanından məsul qurumun bəyanatına istinadən yazıb ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Makran” və “Dena” adlı iki gəmi bazar günü limana daxil olub.

Reuters daha əvvəl məlumat vermişdi ki, Braziliya öz prezidentinin Vaşinqtona səfəri ərəfəsində Amerikanın təzyiqinə təslim olub və yanvarın sonunda İranın bu gəmilərinin limana yanaşmaq istəyini rədd edib.

Buna baxmayaraq, Braziliya hökuməti indi Prezident da Silvanın Vaşinqtona səfəri başa çatdıqdan sonra, bu gəmilərin Rio-de-Janeyro limanına daxil olmasına icazə verib.

Braziliya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin müavini Karlos Eduardo Huerta Artenez fevralın 26-dan martın 4-dək bu gəmilərin limanda lövbər salmasına icazə verib.

Xarici gəmilər üçün limana yanalma icazəsi Braziliya Hərbi Dəniz Qüvvələri tərəfindən verilir, lakin bu icazə yalnız Xarici İşlər Nazirliyindən icazə alındıqdan sonra verilə bilər.

Reuters yazır ki, İran gəmilərinin Braziliya sahillərində olması ABŞ üçün təxribat xarakterli hərəkətdir.

Fevralın 15-də ABŞ-ın Braziliyadakı səfiri Elizabeth Bagley mətbuat konfransında Da Silva hökumətindən İran gəmilərinin ölkəyə girişinə icazə verməməyi xahiş edib.

Baqli həmin mətbuat konfransında deyib: “İran gəmiləri keçmişdə qeyri-qanuni ticarətə və terror fəaliyyətinə şərait yaradıb və ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Braziliya müstəqil ölkədir, lakin biz qəti şəkildə inanırıq ki, bu gəmilər heç bir yerə yanaşmamalıdır.”

Bir amerikalı konqresmen də bir ay əvvəl Braziliya Prezidenti Da Silva hökumətinin iki İran gəmisinin Rio-de-Janeyro limanına yanaşmasına mane olmamasından narazılığını bildirmişdi.

ABŞ Konqresinin bu nümayəndəsinin açıqlamalarından əvvəl Reuters xəbər agentliyi anonim mənbələrə istinadən iddia edirdi ki, onun Co Baydenlə görüşmək üçün Vaşinqtona səfəri ərəfəsində Da Silva hökuməti Vaşinqtonun təzyiqi altında İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Makran” və “Dena” adlı iki gəminin limana yaxınlaşmasını təxirə salıb.

Bu xəbər agentliyi iki hərbi gəminin yanvarın 23-dən 30-a kimi Rio-de-Janeyro limanına yanaşmalı olduğunu iddia etmişdi, lakin Braziliya bu gəmilərin yanaşmasının fevralın 26-dan martın 3-nə qədər dəyişdirildiyini açıqladı.

Buna baxmayaraq, Braziliya Xarici İşlər Nazirliyinin sözçüsü Reuters-in Amerikanın təzyiqi altında İran hərbi gəmilərinin limana yanaşmasında gecikmə olduğu iddiasını təkzib edib. O, İran gəmilərinin yanaşma tarixinin dəyişdirilməsi məsələsinin Amerika ilə heç bir əlaqəsi olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − sixteen =