Bu gün Ümumdünya Meteorologiya Günüdür

Bu gün Ümumdünya Meteorologiya Günüdür

Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür.

BAKU.WS xəbər verir ki, bu, Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən təsis olunub.

Belə ki, təşkilat 1950-ci ilin məhz həmin günü atmosfer hadisələrini, okeanların atmosferlə əlaqəsini, iqlim və su resurslarının Yer üzərində paylanmasının nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Təşkilata üzv olan 193 meteoroloji qurum tərəfindən qeyd edilən Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Bu günün qeyd edilməsində məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqət çəkmək, insanların fikrini bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına yönəltməkdir. Hər ilin bu günü insanlara 38 meteoroloji xidmətin mənasını başa salan yeni şüar seçilir. Bu ilin devizi “Erkən xəbərdarlıq və erkən hərəkət”dir.

Azərbaycan Respublikası 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulub və bu konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq meteoroloji, hidroloji, iqlim müşahidələri aparır, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra edir.

Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidir. Xidmətin operativ bölməsi olan Hidrometeoroloji Proqnozlar Bürosunda gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri – temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə 84 meteoroloji stansiyadan məlumat alınır.

Gündəlik müşahidə olunan və gözlənilən hava proqnozları, eyni zamanda, çaylarda müşahidə olunan daşqın, sel və faktiki sululuq haqqında məlumatlar mütəmadi olaraq nazirliyin veb-səhifəsində yerləşdirilir. Respublikanın bölgələri, Bakı və Abşeron yarımadası üzrə iki və üçgünlük hava proqnozları, hava şəraitinin kəskin dəyişməsi, çaylarda gözlənilən qısamüddətli daşqın və sel hadisələri ilə bağlı xəbərdarlıqlar dövlət qurumlarına, müvafiq təşkilatlara göndərilir.

Azərbaycanda əhaliyə göstərilən hidrometeoroloji xidmətin səviyyəsinin yüksəldilməsi, hava proqnozlarının dəqiqliyinin artırılması, o cümlədən bütün ölkəni əhatə edən hidrometeoroloji şəbəkənin fəaliyyətinin təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində son illər genişmiqyaslı tədbirlər həyata keçirilir.

BAKU.WS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 15 =