Putinə qarşı “Valkiriya əməliyyatı”: Kimlər güllələnəcək, kimlər həbsxanaya göndəriləcək?

Putinə qarşı “Valkiriya əməliyyatı”: Kimlər güllələnəcək, kimlər həbsxanaya göndəriləcək?

Moskvanın versiyası gerçək qəbul edilərsə, istər-istəməz Rusiyanın müdafiə sisteminin olduqca zəif təşkil edildiyi və ya hava hücumundan müdafiə qabiliyyətini itirdiyi ehtimalı ortaya çıxır. Bu, istər istəməz 1987-ci ildə alman həvəskar Matias Rustun idman təyyarəsi ilə Sovet İttifaqının hava məkanını asanlıqla pozması ilə bağlı hadisəni yada salır. Məhz o hadisə həm ölkə daxilində, həm də beynəlxalq ictimai rəydə sovet hərbi gücü haqda illərlə yaradılmış mifi alt-üst etmiş, Sovet İttifaqının özünümüdafiə qabiliyyətinin olması belə mübahisələndirilməyə başlanmışdı. O hadisədən 4 il sonra Sovet İttifaqının özü də tarix səhnəsindən silindi.

Belə bir mesajın verilməsi, əslində Ukrayna təbliğatının inanılmaz uğuru sayıla bilərdi. Amma rəsmi Kiyev dron hücumu ilə heç bir əlaqələri olmadığını deyir. Bildirilib ki, zərbələrdən biri – Sevastopoldakı neft anbarına vurulan zərbə hücuma hazırlıq elementidir. Yəni Ukrayna tərəfi işğal edilmiş ərazilərdə xüsusi əməliyyat keçirdiklərini təsdiqləsə də, Rusiyanın mərkəzində hər hansı partlayış və hücumla əlaqəsini inkar edir.

Kreml artıq dron hücumunun arxasında Vaşinqtonun durduğunu iddia etməyə başlayıb. Xarici amil varsa, verilən mesajın daha güclü mərkəzlərdə planlaşdırılması ağlabatandır. Lakin iş ondadır ki, Rusiya müharibə başlayandan sonra Moskva ətrafında və Kremlin özündə hava hücumundan müdafiə sistemini yeniləyib və gücləndirib. Məntiqlə bu sistemi yarıb keçmək mümkün olmamalı idi.

Bəs o halda Rusiya öz əleyhinə işləyəcək iddiada nədən israr etsin? Birinci ehtimal – Ukrayna rəsmilərinə görə, bu hadisə Rusiyanın Ukraynada “genişmiqyaslı terror təxribatı” hazırlamasına dəlalət etmiş ola bilər (BBC). Bu, yetərincə ciddi səbəbdir, Rusiyanın indiki rəhbərliyinin xarakterini, psixoloji durumunu nəzərə aldıqda, deyilənlərə haqq qazandırmaq lazım gəlir.

İkinci ehtimal – Baş vermiş sui-qəsd və Rusiya daxilində güc nümayişi elə Rusiya daxilindən qaynaqlanır, məqsəd həqiqətən də Putini geri çəkilməyə məcbur etmək və ya aradan götürmək olub.

Bu ehtimalı qüvvətləndirəcək zəmin də var. Birincisi, Rusiya hərbi rəhbərliyi arasında ziddiyyətlər gizlədilməsi mümkünsüz hala gəlib. Əvvəllər Ramzan Kadırov hərbi rəhbərlikdən narazılıqlarını dilə gətirirdisə, onun xəstələn(diril)məsindən sonra “Vaqner”in başçısı Yevgeni Priqojin Rusiya ordusunun qarşılaşa biləcəyi məğlubiyyət, Ukraynaya yeni hücumların əsaslandırılmadığı , hərbi təchizatdakı problemlər bərəsində mütəmadi çıxışlar edir, siyasi elitaya ünvanlanan tənqidləri əksər hallarda təhqir dolu olur.

Müharibə başlayandan bəri güc qurumlarında çalışan onlarla yüksək rütbəli şəxs vəzifəsi ilə vidalaşmalı olub, bir çoxunun azadlıqdan məhrum edilməsi, ön cəbhədə həyatını itirməsi təhlükəsi var.

Ordu və oliqarxiya uzun illər mürəkkəb korrupsiya sprutu ilə çulğaşıb. İndi isə bəli olur ki, maliyyə oliqarxiyasının çoxsaylı nümayəndələri savaşdan sonra Rusiyadan kənarda yaşamağı üstünlük verir, örtülü, bəzən də açıq şəkildə savaşa qarşı çıxış edirlər.

Bu, təxminən 43-44-cü illər Almaniyasındakı durumu xatırladır. Siyasi hərbi rəhbərlikdə olan, cinayətlərdə iştirak etmiş, amma praqmatik bir qrup anlayırdı ki, eyni zamanda bir neçə cəbhədə döyüşmək Almaniyanı məğlubiyyətə sürükləyir, Reyxi xilas etmək naminə, diz üstə gətirilmədən Qərblə anlaşmaq, cəbhə xəttini daraltmaq, mümkün olduğu təqdirdə tutulmuş ərazilərin bir hissəsini tərk etməklə, biabırçı süqutdan yayınmaq olar. O qrup qərar qəbul edərək hakimiyyəti dəyişmək üçün 1944-cü il iyulun 20-də də Adolf Hitlerə sui-qəsd təşkil edir.

“Valkiriya əməliyyatı” kimi tanınan sui-qəsd Vermaxtın (nasist ordusunun) yüksək səviyyəli zabitləri tərəfindən təşkil edilmişdi. Bəzi iddialara görə, əfsanəvi alman generalı Ervin Rommel də sui-qəsdçilər içərisində olmuş, buna görə də sui-qəsd uğursuz bitdikdən sonra intihara məcbur edilmişdi.

Vermaxtdan fərqli olaraq indiki rus ordusunun Rommel kimi parlaq və xalq arasında xüsusi populyarlığı olan generalları yoxdur. Ona görə yox ki, rus ordusu belə istedadlı zabitlər yetişdirməyə qabil deyil, sadəcə, ona görə ki, Kreml nə xalq tərəfindən sevilən populyar generalların yetişməsində, nə də mövcudların populyarlaşmasında maraqlı olmayıb. Reyxdə yetişənləri, Fürerə alternativ ola biləcəkləri üçün zərərsizləşdirirdilərsə, “Derjava”da elələrinin heç yetişməsinə də imkan verilmir. Amma bu, iddialıların olmaması mənasına gəlmir. İddialılar, özlərinin və övladlarının həyatına qorxu hiss edənlər, Qərbin ofşorlarından asılı oliqarxiyanın təsirində olanlar, ən əsası savaşın Rusiyanı hara sürüklədiyini fərq edənlər kifayət qədərdir. Hətta “Vaqner”in başçısı Yevgeni Priqojin kimi odioz fiqur belə Rusiyanın labüdləşən süqutdan yayınmaq üçün öz sifətini saxlayaraq sülhə getməsi haqda versiyaları gündəmə gətirirsə, döyüşən və deməli, ordunun, Rusiyanın real gücünü bilən generallar arasında belələri daha çoxdur.

Edilən çoxsaylı çağırışlar eşidilmədikdə isə “Valkiriya əməliyyatı” rus versiyasında təkrarlanır. Yeri gəlmişkən, “Valkiriya əməliyyatı” öz adını Hitlerin sevimli bəstəkarı Rixard Vaqnerin operalarından birinin adından götürmüşdü. Putin tarixi çox sevir, oradan özü üçün ilhamlandırıcı nələrsə tapır, dünya və Rusiya tarixinə özünəməxsus baxış bucağı var. Yəqin ki, “Valkiriya əməliyyatı”nı xatırladan son əməliyyatın şifrələri də ona daha çox aydındır. Matias Rustun “xuliqanlığ”ından istifadə edən Mixail Qorbaçov sovet ordusunda arzuolunmaz bildiyi şəxsləri yenilərlə əvəzləmişdi. “Valkiriya əməliyyatı”ndan sonra isə Hitler silahlı qüvvələrdə böyük təmizləmə aparmış, çoxlu sayda yüksək rütbəli zabit ya edam edilmiş, ya da müəmmalı şəkildə həyatlarını itirmişdilər.

Kremlə dron hücumlarının “Valkiriya əməliyyatı”nın təkrarı, yoxsa orduda azruolunmaz şəxslərin əvəzlənməsi üçün lazım olan növbəti “Matias Rust macərası” olub olmadığını isə bundan sonra qəbul ediləcək qərarlardan biləcəyik.

Cəmaləddin Quliyev, siyasi ekspert

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =