NATO Moldovanın neytrallığına hörmətlə yanaşdığını bəyan edib

NATO Moldovanın neytrallığına hörmətlə yanaşdığını bəyan edib

NATO-nun Hərbi Komitəsinin sədri admiral Rob Bauer Moldovanın neytrallığına hörmətlə yanaşdığını bəyan edib.

APA xəbər verir ki, admiral Bauer bu barədə Moldovanın paytaxtı Kişinyovda bu ölkənin Milli Ordusunun komandanı, briqada generalı Eduard Oxladçukla keçirdiyi görüşdən sonra təşkil edilən birgə brifinq zamanı deyib.

Bauer bəyan edib ki, Moldova Konstitusiyasında nəzərdə tutulan neytrallığa hörmətlə yanaşır.

Admiral onu da qeyd edib ki, Alyans Moldovaya ordunun modernləşdirilməsində və regionda təhlükəsizliyin qorunmasında yardımını davam etdirəcək.

Brifinq zamanı çıxış edən Oxladçuk da öz növbəsində, Moldova ordusunun modernləşdirilməsinə verdiyi dəstəyə görə NATO-ya təşəkkürünü bildirib və ümumilikdə, eləcə də regionda sülhün qorunmasında Alyansın rolunun ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, bu ilin yanvar ayında Moldova lideri Maya Sandu “Politico” nəşrinə müsahibəsində Ukrayna münaqişəsi kontekstində ölkəsinin neytrallıqdan əl çəkərək NATO-ya üzv ola biləcəyini istisna etməyib.

Sandu eyni zamanda vurğulayıb ki, bu qərar vətəndaşlar tərəfindən demokratik üsulla, referendum yolu ilə qəbul edilməlidir.

Bunun ardınca ölkədə keçirilən sorğuların nəticəsində məlum olub ki, Moldova vətəndaşlarının böyük hissəsi ölkənin NATO-ya üzv olmasının əleyhinədir.

Moldova NATO ilə fərdi tərəfdaşlıq planı çərçivəsində qarşılıqlı fəaliyyət göstərir, Kişinyovda Alyansın informasiya mərkəzi və NATO ilə əlaqələr bürosu fəaliyyət göstərir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + twelve =