Koreya şirkətləri Qarabağda aqrar layihələrdə iştirak etmək istəyir

Koreya şirkətləri Qarabağda aqrar layihələrdə iştirak etmək istəyir

Koreya şirkətləri Azərbaycanda kənd təsərrüfatı sahəsində layihələr həyata keçirmək istəyir.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Koreyanın Kənd Təsərrüfatı Texnologiyalarının Təşviqi Agentliyinin baş meneceri Kyunq Junhyunq bildirib.

K.Junhyunq Azərbaycana rəsmi səfərdə olan Koreyanın 9 şirkətindən ibarət nümayəndə heyətinə başçılıq edir. Səfər Koreyanın Kənd Təsərrüfatı Texnologiyalarının Təşviqi Agentliyi, Ələt Azad İqtisadi Zonası və Aqrar İnnovasiya Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumun davamı olaraq təşkil olunub.

Səfər çərçivəsində Koreya şirkətləri Azərbaycanın aqrar sahədə, xüsusilə də “ağıllı” istixana sistemlərinin ölkəyə idxalı və quraşdırılması sahəsində ixtisaslaşan şirkətlərlə B2B görüşlər keçiriblər.

K.Junhyunqun sözlərinə görə, şirkətlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçiriləcək layihələrdə iştirak etmək istəyir:

“Hazırda bu istiqamətdə araşdırmalar aparılır. Azərbaycanda dövlət qurumları ilə danışıqlar gedir. Qarabağda hansısa layihə həyata keçirsək, yaxşı olar”.

Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin Kommersiya Bölməsinin direktoru Jo Kyekvon açıqlamasında B2B görüşlərin “ağıllı” təsərrüfat və təkmilləşmiş kənd təsərrüfatı texnologiyalarını Azərbaycanda tanıtmaq məqsədilə təşkil olunduğunu deyib:

“Biz əməkdaşlıq etmək istəyirik və Azərbaycanın kənd təsərrüfatı sektoruna yeni texnologiyalar gətirməklə töhfə vermək istəyirik. Azərbaycana kənd təsərrüfatında dəstək göstərməyə hazırıq. O cümlədən Azərbaycanın işğaldan azad olunan ərazilərinə bəzi texnologiyaları gətirmək istəyirik”.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 6 =