Rusiyada 4 nəfərdə qarayara xəstəliyi aşkarlanıb

Rusiyanın Tıva Respublikasında (Tuva Respublikası) 4 nəfərdə “Sibir xorası” (qarayara) xəstəliyi aşkarlanıb.
“Report” “Komsomolskaya Pravda – Krasnoyarsk”a istinadən xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Federal Nəzarət Xidmətindən bildirilib.
Vurğulanıb ki, iyunun 30-da Bijiktiq-Haya kəndinin sakinləri qarayaraya yoluxma şübhəsi ilə hospitala yerləşdiriliblər. Laborator müayinə nəticəsində onların “Sibir xorası”na yoluxduqları təsdiqlənib.
Məlumata görə, onlar at kəsimi sallaqxanasında işləyirmiş və bir neçə həftə əvvəl özlərini pis hiss ediblər.
Bildirilib ki, xəstəlik aşkarlanan təsərrüfatda qarayaraya qarşı vaksinasiya olunmamış 74 at, 34 iribuynuzlu qaramal və 6 it var.
Qeyd edilib ki, martın 24-də Çuvaşiyada “Sibir xorası”na yoluxmuş ət götürülüb. Bu məhsul şəxsi istehlak məqsədilə respublikanın iki sakininə satılıb.
Report.az