Fransa payızda immiqrasiyanı sərtləşdirən qanun üzərində işlərə davam edəcək
“Fransa hakimiyyəti qeyri-qanuni immiqrasiyaya qarşı mübarizəni sərtləşdirmək niyyətindədir və payızda müvafiq qanun üzərində işi bərpa edəcək”.
“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Le Point” jurnalına müsahibəsində deyib.
“Baş nazir Elizabet Born ilə birlikdə payızda daxili işlər nazirinə hökumətin planını yenidən hazırlamağa, eyni istiqamətdə hərəkət edən bütün müxalifət qüvvələri ilə müzakirə etməyə və ən təsirli planı qurmağa başlamağı tapşıracağıq”-deyə, o bildirib.
Fransa dövlət başçısı əlavə edib ki, qanun layihəsinin parlamentin hər iki palatası tərəfindən təsdiqlənməsi üçün hökumət tərəfindən yenidən işlənib hazırlanması lazım gələrsə, daxili işlər nazirliyinin rəhbəri prezident və baş nazirin tam dəstəyi ilə bunu edə bilər.
Makron Fransanın “miqrant axınında boğulmadığına” inandırıb, lakin mövcud vəziyyətin qəbuledilməz olduğunu etiraf edib və “qanunsuzdan başlayaraq immiqrasiyanın ciddi şəkildə azaldılmasının” zəruriliyini bəyan edib.
Report.az