Türkiyə XİN vətəndaşlara Livana səfərlə bağlı xəbərdarlıq edib
Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Livana zəruri olmayan səfərlərdən çəkinmələri, həmçinin bu ölkədə olan türklərin ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
İRNA-nın məlumatına əsasən, Türkiyə XİN-dən verilən yazılı açıqlamada bölgədəki son hadisələr nəzərə alınaraq Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalının olduğu vurğulanıb.
Bəyanatda deyilir: Livandakı vətəndaşlarımızın ehtiyatlı olmaları, zəruri olmadıqca Nəbatiyə, cənub bölgələri, Bəkaa və Bəələbək-Hermel vilayətlərinə getməmələri, Livanda qalması vacib olmayanların isə kommersiya uçuşları davam etdiyi müddətdə ölkəni tərk etmələri tövsiyə olunur.
Açıqlamada həmçinin nazirliyin və Türkiyənin Beyrutdakı səfirliyinin rəsmi internet saytları, eləcə də sosial media hesabları vasitəsilə ölkədə baş verən hadisələri izləməyin faydalı olacağı vurğulanıb, diplomatik nümayəndəlikdə yaradılan qaynar xətt nömrələri qeyd olunub.