Almaniya Livana yardım üçün əlavə 60 milyon avro ayıracaq

Almaniya Livana yardım üçün əlavə 60 milyon avro ayıracaq

Almaniya kansleri Olaf Şolts Livanın Baş naziri Nəcib Mikati ilə telefon danışığı keçirib və Almaniya hökumətinin Livan xalqına yardım üçün əlavə 60 milyon avro ayıracağını açıqlayıb.

Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

“Almaniya kansleri Livan vətəndaşlarının yaşadıqları acılı günlərlə əlaqədar başsağlığı verib. Almaniya hökuməti Livan xalqına yardım üçün 60 milyon avro məbləğində əlavə vəsait ayırır”, – Hebeştrayt deyib.

Onun sözlərinə görə, Şolts Almaniyanın oktyabrın 24-də Parisdə keçiriləcək və Almaniya hökumətinin yüksək səviyyədə təmsil olunacağı Livan üzrə konfransa dəstəyini vurğulayıb.

“İndi siyasi prosesə başlamaq üçün yol tapılması son dərəcə vacibdir. Məqsəd İsrail xalqının təhlükəsizliyi və Livanın suverenliyi olmalıdır. Bunun üçün ilk addım BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi olmalıdır”, – Almaniya Nazirlər Kabinetinin nümayəndəsi fikrini yekunlaşdırıb.

Xatırladaq ki, İsrail sentyabrın 23-də “Hizbullah” qruplaşmasına qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın Livan ərazisindəki hərbi obyektlərinə irimiqyaslı aviazərbələr endirib. Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrdə quru əməliyyatına başladığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 5 =