Hindistanda festivalda izdiham nəticəsində azı 15 nəfər ölüb
Hindistanın şimalındakı Uttar-Pradeş ştatının Prayaqrac şəhərində Qanq və Yamuna çaylarının qovuşduğu yerdə keçirilən ən böyük Kumb-mela festivalında izdiham zamanı azı 15 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə AFP Hindistanın tibb xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, festivalın xeyli ziyarətçiləri xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.
Yerli “Hindustan Times” qəzeti də izdihamla bağlı xəbərlərdən sonra ölkənin Baş naziri Narendra Modinin Uttar-Pradeş ştatının əsas naziri Yoqi Adityanathla telefon danışığı apardığını bildirib.