ABŞ İranın nüvə problemi ilə bağlı sanksiyaları genişləndirib

ABŞ, Vaşinqton və Tehran arasında İranın nüvə problemi ilə bağlı dolayı danışıqların davam etməsinə baxmayaraq, İranbağlı sanksiyaları genişləndirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat verib.
“Dövlət Departamenti İranın Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı ilə əlaqəli üç İran vətəndaşına və bir İran təşkilatına qarşı sanksiyalar tətbiq edir. Bu təşkilat fars dilində SPND abreviaturası ilə tanınır və 2004-cü ilə qədər İranın nüvə silahı yaratma proqramının, həmçinin Amad layihəsi kimi tanınan proqramın varisidir”, – Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, sanksiyalara məruz qalan hər kəs “kütləvi qırğın silahlarının yayılmasına töhfə verən və ya töhfə vermək riski daşıyan fəaliyyətlərdə iştirak edir”.
“ABŞ-nin hərəkətləri SPND-nin nüvə silahı üzrə tədqiqat və inkişaf qabiliyyətini ləngitmək və zəiflətməyə yönəlib”, – bəyanatda vurğulanır.
Rubioya görə, ABŞ hazırkı sanksiyalarla İranın nüvə silahı əldə etməsini qabaqlamaq niyyətindədir.