Colaninin gündəmində ABŞ sərmayəsi və İsrail təhlükəsizliyi

Tramp və HTS lideri Colani arasında kritik görüş Suriyanın geosiyasi tarazlığında potensial dönüş nöqtəsi hesab olunur. Bildirilir ki, Colani strateji mineral ehtiyatlar və cənubda silahsızlaşdırılmış zonanın yaradılması məsələsində Trampla güzəştə getmək istəyir.
ABŞ prezidenti Donald Trampla Suriyada fəaliyyət göstərən “Həyat Təhrir əş-Şam” təşkilatının lideri Colani arasında keçirilən görüş Suriyada həm iqtisadi, həm də geosiyasi tarazlıqlarda köklü dəyişikliklərə qapı açıb.
Bildirilir ki, kritik görüşdən sonra tərəflər faydalı qazıntılar üzrə saziş üzrə prinsipial razılığa gəliblər və Suriyanın cənubunda silahsızlaşdırılmış zonanın yaradılması üçün birgə səylərə başlayacaqlar.
Ağ Evdəki mənbələrin məlumatına görə, görüş Trampın Yaxın Şərq səfəri çərçivəsində özəl iclasda baş tutub.
Bildirilir ki, Colani Amerika administrasiyasını Suriyaya qarşı sanksiyaları yumşaltmağa razı sala bilib, Tramp isə Sezar Aktı çərçivəsində həyata keçirilən bəzi sanksiyaları “dondurmaq” üçün addımlar atmağa hazırlaşır.
Yeni dövrdə xüsusilə enerji və infrastruktur sektorlarında Amerika şirkətlərinin Suriya bazarına girməsi üçün yol açılır.
General Electric kimi nəhəng şirkətlərin enerji istehsalı və yenidənqurma layihələri üçün Suriyaya sərmayə qoyması ehtimalı gündəmdədir.
Görüş zamanı Suriyanın cənubunda yaradılması planlaşdırılan hərbsizləşdirilmiş zona məsələsi də müzakirə olunub.
Tramp görüşdən sonra bu açıqlamanı verib:
“Suriya uzun müddətdir ki, böyük dağıntı içərisindədir. Bu görüş həm Suriya xalqı, həm də bölgənin sabitliyi üçün bir fürsətdir. Təhlükəsizliyə nail olunduğu zaman investisiya və sabitlik gələcək”.
Görüşlə bağlı açıqlama verən Fransa İqtisadiyyat və Sənaye Nazirliyinin keçmiş müşaviri Alain Atassi prosesi belə qiymətləndirib:
“Tramp və Kolani arasındakı bu təmas tarixi əhəmiyyət kəsb edir. İki əsas məqsəd önə çıxır: İsrailin təhlükəsizliyini təmin etmək və ABŞ-ın iqtisadi maraqlarını qorumaq. Sezar qanunu ləğv edilməyəcək, lakin Tramp bu qanun çərçivəsində tətbiq edilən sanksiyaları dondura bilər. Bu, Suriyanı beynəlxalq sistemə yenidən inteqrasiya edə bilər”.
Atassi, Colani-nin ABŞ-la faydalı qazıntılar üzrə razılaşma və Suriyanın cənubunda silahsızlaşdırılmış zonanın yaradılması istiqamətində işləyə biləcəyini düşündüyünü söylədi.
Atassinin sözlərinə görə, bu, “Suriya dövləti üçün güzəşt kimi yox, Suriyanı xilas etmək planı kimi qəbul edilməlidir”.
Suriya Respublika Partiyasının rəhbəri və Amerika Respublikaçılar Partiyasının üzvü Mera əl-Bekai Əl-Məşhəd televiziyasına verdiyi açıqlamada görüşün müsbət nəticə verə biləcəyini bildirib .
“Görünür, ABŞ prezidenti Donald Tramp Suriya faylı ilə çox maraqlanır və vəziyyəti müsbət izləyir. Yaxın Şərqə səfərinə başlamazdan əvvəl müşavirləri ilə görüşüb və Suriyadakı vəziyyəti daha yaxşı anlamağa çalışıb. Hamımız bilirik ki, Suriya faylı Prezident Trampı Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də qonaq edəcək ərəb qardaşlarımızın etibarlı əllərindədir”.