Kosmik kabus: NASA-nın ən böyük aparatı Marsın qəribə şəklini çəkdi

NASA-nın 30 metrlik ən iri kosmik aparatı “Europa Clipper” Yupiterin buzla örtülü “Avropa” peykini araşdırmaq üçün uçuş zamanı Marsın infraqırmızı fotosunu çəkib. Lakin görüntülər qəribəliyi ilə alimləri heyrətə gətirib.
Şəkil aparatın əsas alətlərindən biri olan “E-THEMIS”in düzgün işlədiyini yoxlamaq məqsədilə əldə olunub.
“Europa Clipper” Marsdan cəmi 884 km məsafədən keçərək planeti boz tonlarda, “kosmik kabus” kimi təsvir edən fotonu çəkib. Bu görüntü 18 dəqiqə ərzində 1 000 kadr əsasında hazırlanıb.

Qeyd edək ki, aparat Yupiterə çatana qədər Mars və Yer ətrafında qravitasiya manevrləri edəcək. 2030-cu ildə “Avropa” peykinə çatdıqdan sonra 49 yaxın uçuş həyata keçirəcək və buz altında mümkün həyat izlərini axtaracaq.
Elm adamları ümid edirlər ki, bu missiya “Avropa”da həyatın mümkün olub-olmadığını ortaya çıxaracaq. Çünki bu peykin buzla örtülü səthi altında maye sudan ibarət okean olduğu güman edilir.
