Trampın Yaxın Şərq triumfu: İnqilablarla deyil, bizneslə fəth

Donald Tramp ABŞ-də prezident kimi fəaliyyətə başladıqdan sonra ilk səfərini üç Körfəz dövlətinə etməsi, səsləndirdiyi bəyanat və mesajlar dünyanın diqqət mərkəzindədir. Tramp öncə Səudiyyə Ərəbistanında, sonra Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oldu. Bundan əvvəl yalnız Papanın vəfatı ilə əlaqədar Romaya spontan səfər olmuşdu. Trampın bu ziyarəti təkcə diplomatik deyil, ölkənin liderlik rolunu yenidən formalaşdırmaq, xüsusilə Çinlə daha böyük qarşıdurmalara hazırlamaq üçün strateji gediş kimi qiymətləndirilir.
Oxu.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

ABŞ biznesinin elitası
Tramp ilk növbədə ABŞ iqtisadiyyatının sağlamlaşdırılmasına köklənib, bunun üçün isə ona pul lazımdır. Körfəz monarxiyaları da okeanın o tayına böyük investisiya axınları təmin edə bilər, ona görə də Ağ Ev rəhbərinin ABŞ biznesinin elitasını özü ilə Ər-Riyada aparması təəccüblü deyildi: “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask, “Meta”nın baş direktoru Mark Zukerberg, “Boeing”in baş direktoru Kelliy Ortberg, “Citigroup”un rəhbəri Jane Fraser, “OpenAI” şirkətinin rəhbəri Sam Altman, Tramp administrasiyasında süni intellekt və kriptovalyutaları kurasiya edən investor David Saks.
600 milyardlıq sövdələşmə
Səfərdən əvvəl ABŞ mediası yazırdı ki, Səudiyyə Ərəbistanı ABŞ-yə 600 milyard dollar, BƏƏ isə 1.4 trilyon dollar investisiya qoya bilər. Trampın özü ikinci prezidentlik müddətinin əvvəlində səudiyyəlilər ABŞ iqtisadiyyatına oxşar məbləğdə investisiya planlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının investisiyalarını bir trilyon dollara qədər yuvarlaqlaşdırmaq hələ mümkün olmayıb, lakin Tramp gözlənilən minimumu əldə edib: onun Ər-Riyada səfərinin ilk günündə Ağ Ev “tarixi sövdələşmə” barədə məlumat verib. “Bu, Vaşinqton və Ər-Riyad arasında tərəfdaşlığın yeni qızıl dövrünü açır”, – məlumatda bildirilib.
Sövdələşmənin 142 milyard dolları silah alışı və Səudiyyə ordusunun amerikalılar tərəfindən təlimi üçün olan müqavilələrdir. Bu, silah satışı üzrə tarixdə ən böyük sövdələşmədir. Digər müqavilələr Səudiyyə Ərəbistanına qaz turbinləri və “Boeing 737-8” təyyarələrinin tədarükü, ABŞ-də data mərkəzləri və enerji infrastrukturunun qurulması, Miçiqanda tibbi məhlulların istehsalı üçün yeni yüksək texnologiyalı zavodun inşası və digər layihələrə aiddir.

Zəfərə çevrilən səfər
Tramp açıq bəyan etdi ki, səfərə ərəb ölkələrindən ABŞ iqtisadiyyatına investisiyalar cəlb etmək üçün gedir. Bu mənada yekunda səfər zəfərə çevrilib. Ümumilikdə, ABŞ tək Qətərlə 1.2 trilyon dollar məbləğində iqtisadi əməkdaşlıq sazişi bağlayıb. ABŞ şirkətləri BƏƏ və Səudiyyə Ərəbistanında məlumat mərkəzlərinin qurulması, mikroçiplərin tədarükü və süni intellektin inkişafı üçün çoxmilyardlıq müqavilələr imzalayıb. Müqavilələri tənqid edənlər deyirlər ki, Tramp istehsalı ABŞ-yə qaytarmaq istədiyini söyləməkdə davam edir, lakin o, gələcəyin kritik sənayesini “autsorsing” edir.
İnqilablarla deyil, bizneslə fəth
Maraqlıdır ki, sələflərindən fərqli olaraq, Tramp Yaxın Şərqi müharibələr və inqilablarla deyil, biznes vasitəsilə fəth etmək istəyir. “Bütün dünya üçün anlamaq vacibdir ki, bu gözəl transformasiya qərb müdaxiləsi, yaxud gözəl təyyarələrdə uçan və sizə necə yaşamaq, işlərinizi necə aparmaq barədə mühazirələr oxuyan insanlar nəticəsində baş verməyib. Ər-Riyadın və ya Əbu-Dabinin parlaq gözəllikləri, trilyonlar xərcləyən, lakin Kabil, Bağdad və bir çox digər şəhərlərin inkişafına kömək etməyən “millət qurucuları”, neokonlar və ya liberal QHT-lər tərəfindən yaradılmayıb. Müasir Yaxın Şərqin doğuluşu bu regiondan olan insanlar sayəsində baş verib. Məhz burada olan insanlar, bütün həyatlarını burada yaşayan və öz suveren dövlətlərini inkişaf etdirən insanlar sayəsində”, – Trampın Ər-Riyadda investisiya forumunda səsələndirdiyi bu fikirlər gurultulu alqışlarla qarşılanıb.
Səudiyyəlilərlə danışıqlar çərçivəsində Tramp amerikalıların rifahı üçün vacib olan daha bir şərtə – neft qiymətlərinin aşağı salınmasına nail olmaq istəyirdi. Burada hələlik hər hansı bir irəliləyiş barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı, neft kartelinin digər üzvləri Rusiya ilə əməkdaşlığa maraq göstərirlər və yalnız Trampa xoş gəlmək üçün OPEC+ sazişini risk altına atmayacaqlar.

Donald Tramp və Əhməd əş-Şaraanın görüşü
ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri yalnız ticarət və hərbi sazişlərlə yekunlaşmayıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Trampla görüşü zamanı bölgədə sülh və əməkdaşlıq üçün çox mühüm addım atılıb. Tramp Salmanın təklifi ilə Ər-Riyadda Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şaraa ilə görüşüb. Tramp bu görüşdə ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etdiyini bildirib. Bu, Suriya və bölgə ölkələri üçün çox vacib qərardır. Çünki ABŞ-nin Suriyaya tətbiq etdiyi sanksiyalar bu ölkənin iqtisadi problemlərinin həllinə mane olur. Sanksiyaların ləğvindən sonra Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələr Suriyaya yatırımlarını artıracaqlar.
Yekun olaraq onu deyə bilərik ki, Trampın səfərinin hədəfi Çinin əsas ticarət tərəfdaşına çevrilən Körfəz ölkələrini öz tərəfinə çəkmək idi və buna qismən nail olduğunu ehtimal etmək olar.