İsrail Qəzzanın 75%-ni işğal etməyi planlaşdırır

İsrailin qarşıdakı iki ay ərzində Qəzza zolağının 75%-ni işğal etməyi hədəflədiyi bildirilir; İsrail və HƏMAS arasında davam edən atəşkəs və məhbus mübadiləsi danışıqları son saatlarda dalana dirənib.
Qəzza zolağının blokadası davam edərkən, İsrail məhdud sayda yardım maşınının bölgəyə girməsinə icazə verib.
HƏMAS-dakı mənbə ABŞ vasitəçisi Stiv Vitkoffun təqdim etdiyi atəşkəs təklifini qəbul etdiklərini bildirib, lakin Witkoff bu iddianı təkzib edib.
İsrail tərəfi isə bölgəni “görünməmiş hücumla” hədələyib.
İsrailin yeni qurudan hücumunun bir hissəsi olaraq, Qəzzanın geniş əraziləri indi “qanunsuz” zona elan edilib və İsrail ordusu bazar ertəsi günü Qəzzanın cənubunda və şərqdə geniş ərazilərin boşaldılmasını əmr edib.
Bu hadisələrin ardınca bir İsrail hərbi rəsmisi CNN-ə bildirib ki, İsrail qarşıdakı iki ay ərzində Qəzza zolağının 75%-ni işğal etməyi hədəfləyir .
Plan həyata keçərsə, iki milyondan çox fələstinli sahil xəttinin yalnız dörddə birinə sıxışdırılacaq.
Bu ərazinin demək olar ki, tamamilə İsrail qüvvələri tərəfindən mühasirəyə alınacağı gözlənilir.
İsrail ordusu cümə günü elan edib ki, hazırda Qəzzada beş müxtəlif diviziya yerləşdirilib və bu bölmələr on minlərlə əsgərdən ibarətdir.
İsrail Baş Qərargah rəisi Eyal Zamir bazar günü Xan Yunisə hərbi səfəri zamanı bu açıqlamaları verib:
“Siz İsrail Dövlətinin mərkəzi cəbhəsində vuruşursunuz. Bu, uzunmüddətli, çox cəbhəli müharibədir”.
İsrailin baş naziri Benyamin Netanyahu bu ay Qəzza zolağında yaşayan bütün mülki şəxslərin cənub bölgələrinə təxliyə ediləcəyini açıqlamışdı.