İsrailin hücumları davam edərkən BMT Təhlükəsizlik Şurasının Qolan təpələri ilə bağlı qərarı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) yekdilliklə Suriyanın işğal olunmuş Qolan Təpələrindəki sülhməramlı qüvvələrin mandatını daha altı ay uzadıb.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Suriya ilə İsrail arasında atəşkəs razılaşmasına nəzarət etmək üçün işğal altında olan Qolan Təpələrindəki BMT qüvvələrinin mandatının daha altı ay müddətinə uzadılmasına yekdilliklə qərar verib.
BMT-nin rəsmi saytında verilən məlumata görə, Şuranın 15 üzvünün hamısı 2782 saylı qətnamənin lehinə səs verib.
İsrailin bölgədə qanun pozuntuları getdikcə artır
Eyni zamanda, İsrailin Suriyanın cənubunda hücumları və pozuntuları intensivləşib.
İsrail qüvvələrinin Quneytranın kənd ərazilərinə soxulduğu, evləri sökdüyü və əkin sahələrini yandırdığı məlumdur. İsrail qüvvələri keçmiş Suriya hökumətinin süqutundan sonra Suriyanın Qolan təpələrində əlavə əraziləri də zəbt ediblər.
İsrailin müdafiə naziri: Qolanda qeyri-müəyyən müddətə qalacağıq
Bundan əvvəl İsrailin müdafiə naziri Yisrael Katz Cəbəl əl-Şeyxin Suriya tərəfinə səfəri zamanı “İsrail ordusu təhlükəsizliyi təmin etmək və Suriyanın cənubunda düşmən qüvvələrin yaranmasının qarşısını almaq üçün Qolan təpələrinin Suriya hissəsində qeyri-müəyyən müddətə qalacaq” deyib.
İsrail 1967-ci ildə Qolan təpələrini işğal edib. 1973-cü il müharibəsindən sonra Dəməşq hökuməti ilə İsrail arasında atəşkəs və qüvvələrin ayrılması razılaşması əldə edilib.
Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələri 1974-cü ildə Qolan təpələrinə yerləşdirilib.