Enerji istehsalçılarına qarşı təcavüz beynəlxalq hüququn pozulması və qlobal sabitliyə təhdiddir

Neft naziri vurğulayıb ki, enerji istehsal edən ölkələrə qarşı təcavüz beynəlxalq hüququn pozulması və qlobal sabitliyə təhlükədir. O bildirib ki, bugünkü qlobal inkişaf edən və bir-biri ilə bağlı enerji sənayesi, xüsusilə neft sahəsi, milli, regional və qlobal rifahın artırılmasında öz rolunu oynamaq üçün sülhə və sabitliyə ehtiyac duyur.
Möhsün Paknejad bu gün çərşənbə günü, 9 iyul 2025-ci il OPEC-in 9-cu Beynəlxalq Seminarının açılış mərasiminə video mesajında bildirib: “Təəssüf ki, mövcud arzuolunmaz şəraitə görə sizinlə fiziki olaraq bir araya gəlmək imkanım olmadı və məcburən bu şəkildə sizə müraciət edirəm.” O əlavə edib: “Bu mühüm seminar “Birlikdə yolların çəkilməsi: qlobal enerjinin gələcəyi” şüarı altında keçirilir və enerjinin təhlükəsiz gələcəyinə aparan qlobal yolda ciddi problemləri müzakirə etməyi qarşısına məqsəd qoyub.”
Paknejad deyib: “İslam Respublikası İranın ərazi bütövlüyünə qarşı edilən vəhşi hərbi təcavüz İranın dünya enerji təminatçılarından biri və uzunmüddətli tərəfdaşı olduğu bir halda beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Bu da İranın dinc nüvə proqramı ilə bağlı diplomatik danışıqların getdiyi bir dövrdə baş verdi.”
Neft naziri əlavə edib: “Bu toplantının məhdud vaxtını və iştirakçıların bu təcavüz nəticəsində baş vermiş insan və maddi itkilərdən tam xəbərdar olduğunu nəzərə alaraq, mən 12 gün davam edən sionist rejiminin hərbi hücumunun xəyanətkar məntiqinə, məqsədlərinə və prosesinə dair təfərrüata varmıram. Bu təcavüz nəticəsində 5000-dən çox insan yaralanıb, 1000-dən artıq şəhid olub ki, onların arasında çoxlu sayda qadınlar və uşaqlar, enerji sahəsində fəaliyyət göstərən universitet müəllimləri və onların ailə üzvləri var.”
O əlavə edib: “Ümumi mənzərəyə və biz OPEC üzvləri və OPEC+ ölkələri qarşıda duran ciddi çətinliklərə baxdıqda, inanıram ki, hamımız müharibəyə əl atmaq və ondan siyasi məqsədlərə çatmaq üçün vasitə kimi istifadə olunmasına qarşı prinsipial mövqe tutmalıyıq. Bu yol heç kimin xeyrinə olmayacaq.”