ABŞ-dan Suriya açıqlaması!


ABŞ-dan Suriya açıqlaması: “Mərkəzi hökumət və kürdlər arasında anlaşılmazlıq var”
Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack bəyan edib ki, Suriyada mərkəzi hökumətlə kürdlər arasında qüvvələri birləşdirmək məsələsində hələ də razılıq əldə olunmayıb.
Amerikanın Associated Press (AP) xəbər agentliyinə danışan Barrack bildirib ki, tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur. Onun sözlərinə görə, bu anlaşılmazlıq Suriyada yeni hökumətin illərlə davam edən vətəndaş müharibəsindən sonra nəzarəti möhkəmlətməyə çalışarkən daimi maneəyə çevrilir.
Barrack bu açıqlamanı Suriyanın keçici dövlət başçısı Əhməd Şara və ölkənin şimal-şərqini böyük ölçüdə nəzarətdə saxlayan Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Mazlum Abdi ilə 9 iyulda Şamda keçirilən görüşdən sonra verib. Həmin görüşlərdə Fransa hökumətinin Suriya üzrə xüsusi nümayəndəsi Jean-Baptiste Faivre də iştirak edib.
AP-nin xəbərinə əsasən, SDQ yeni Suriya ordusunda müstəqil bölmə kimi fəaliyyətini davam etdirmək istəyir. Şam hökuməti isə SDQ-nin ləğv olunaraq üzvlərinin fərdi şəkildə orduya qəbul edilməsini tələb edir.
Tom Barrack bu barədə belə deyib: “Bu iki tərəf arasında hələ də böyük bir problem mövcuddur. Bu məsələdə irəliləyiş olduğunu düşünmürəm. Məncə bu tip mövzular kiçik addımlarla həll olunur, çünki irəliləyiş etimad, bağlılıq və anlayışa əsaslanır.”
“Uzun müddətdir ayrı yaşayan və bəlkə də düşmən münasibətində olan iki tərəfin etimadı addım-addım qurması vacibdir,” – deyə Barrack əlavə edib.
O, hələ istədikləri nöqtəyə çatmasalar da, Şam hökumətinin SDQ-yə alternativlər təqdim etməkdə “mükəmməl iş gördüyünü” bildirib. SDQ-yə istinadən deyib: “Ümid edirəm ki, bu alternativləri dəyərləndirəcəklər. Ümid edirəm ki, bunu tez bir zamanda edəcəklər.”
Barrack həmçinin vurğulayıb ki, ABŞ-ın Suriya hökumətinə və yeni Suriya ordusuna güvəni tamdır. O, SDQ-nin İŞİD-lə mübarizədə “dəyərli tərəfdaş” olduğunu qeyd edib və bildirib ki, “ABŞ, SDQ-nin yeni hökumətə hörmətli şəkildə inteqrasiya olunmaq imkanına malik olmasını təmin etmək istəyir.”
Suriya ərazisindəki təxminən 1300 amerikalı əsgərin tam şəkildə geri çəkilməsi məsələsində isə ABŞ-ın “tələsmədiyini” qeyd edib.

“Suriyalı rəsmidən açıqlama: “Ölkənin bölünməsi və ya federallaşması prinsipal olaraq rədd edilir”
Fransa xəbər agentliyi AFP-nin məlumatına görə, Şamda keçirilən son görüşlərdə Əhməd Şara və Mazlum Abdi rəhbərlik etdiyi heyətlər, mart ayında əldə edilmiş razılaşmanın qüvvəyə minməsində yaranmış tıxanıqlığı müzakirə ediblər.
Tərkibində Kürd Xalq Müdafiə Birlikləri (YPG) olan Suriya Demokratik Qüvvələri (SDQ), razılaşmaya əsasən Suriyada yeni idarənin strukturlarına inteqrasiya olunmağı qəbul etsə də, həmin razılaşma hələlik qüvvəyə minməyib.
Son görüşlərin əsas mövzusu SDQ-nin nəzarətindəki bölgələrin Suriyaya iqtisadi və hərbi inteqrasiyası olub.
AFP Suriya dövlət televiziyası Əl-İhbariyə-yə istinadən xəbər verir ki, Suriya hökumətinin bir nümayəndəsi, Şam rəhbərliyinin danışıqlarda “Bütöv Suriya, Bütöv Ordu, Bütöv Hökumət” prinsipinə sadiq qaldığını bildirib.
Həmin yetkili həmçinin qeyd edib ki, Suriya hökuməti ölkənin bölünməsi və federallaşması fikrini prinsipal olaraq qəbul etmir.
Yetkili əlavə edib: “Suriya ordusu bütün vətən övladlarını birləşdirən milli bir qurumdur. SDQ-nin suriyalı döyüşçülərinin də bu quruma inteqrasiyasına açığıq.”

Mart razılaşması nələri nəzərdə tuturdu?
Əhməd Şara və Mazlum Abdi arasında mart ayında imzalanmış inteqrasiya razılaşması səkkiz maddədən ibarət olub.
Birinci maddədə “Bütün suriyalıların siyasi prosesə və dövlət qurumlarına etnik və dini kimliyindən asılı olmayaraq təmsil olunması və iştirakı təmin edilir” ifadəsi yer alır.
İkinci maddədə isə “Kürd cəmiyyəti Suriya dövlətinin ayrılmaz tərkib hissəsi” kimi tanınır və “vətəndaşlıq hüquqları da daxil olmaqla bütün konstitusion hüquqları” təmin olunur.
Bu razılaşmanın həyata keçirilməsi ilə SDQ-nin nəzarətindəki zəngin neft və qaz yataqlarının idarəsi dövlətə keçəcəkdi.
SDQ-nin nəzarətində həmçinin bağlanmış sərhəd keçid məntəqələri və İŞİD döyüşçülərinin saxlandığı həbsxanalar mövcuddur.
Razılaşmaya əsasən SDQ “Suriyanın təhlükəsizliyi və birliyi üçün hər cür təhdidə qarşı mübarizədə” hökuməti dəstəkləməyi qəbul etmişdi.
Razılaşma həmçinin öz yurdlarından köçürülmüş suriyalıların evlərinə geri dönməsini təmin etmək məqsədini də əhatə edirdi.
Yeddinci maddədə suriyalılar arasında nifaq toxumu səpməyə yönəlmiş nifrət ritorikası və separatizm çağırışlarının rədd edilməsi niyyəti vurğulanmışdı.
Səkkizinci və son maddədə isə yaradılacaq komitələrin razılaşmanın 2025-ci ilin sonunadək həyata keçirilməsi üçün çalışacağı qeyd olunmuşdu.
SDQ-nin döyüşçülərinin sayının 40–60 min arasında olduğu və onların azı 20 mininin Kürd Xalq Müdafiə Birliklərinin (YPG) üzvü olduğu təxmin edilir.
Türkiyə isə SDQ-nin əsasını təşkil edən YPG-ni və onunla bağlı olan, Suriyanın şimalında geniş əraziyə nəzarət edən Demokratik Birlik Partiyası (PYD)-ni “PKK-nın uzantısı” kimi görür və onları “terror təşkilatı” olaraq dəyərləndirir.