Niyə İran və İsrail arasında baş verən son müharibə 12 gündən sonra dayandı?

Cabiri Ənsari Məhəmməd Cavad Zəriflə söhbətində deyib: Son 12 günlük İranla sionist rejim arasında baş verən müharibə rəsmi atəşkəs elan olunmadan dayandırıldı; ekspertlər bu dayandırmanı iki əsas amillə izah edirlər: İran xalqının ictimai birliyi və ölkənin daxili hərbi gücü ki, effektli çəkindiricilik yaratdı.
İRNA-nın baş direktoru Hüseyn Cabiri Ənsari, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zəriflə açıq söhbətində sionist rejimin İrana qarşı təcavüzkar müharibəsinin müxtəlif tərəflərini təhlil edib. Aşağıda bu söhbətdən qısa bir hissə təqdim edirik:
Cabiri Ənsari: Bu müharibə, sionist rejim tərəfindən İrana qarşı ikinci təcavüzkar müharibə kimi təqdim edilir və iki əsas amilə görə dayandırıldı. Birincisi, İran xalqının vətən, din və milli kimlik ətrafında formalaşan ictimai birliyi idi ki, bəzi siyasi fikir ayrılıqlarına baxmayaraq, dərin mənəvi bağlılıq yaratdı və ciddi mənəvi müqavimət formalaşdırdı. İkincisi isə, İranda tam yerli istehsal olan və xaricdən asılı olmayan hərbi və raketlərlə müdafiə gücü idi ki, düşməni geri addım atmağa məcbur etdi.
Bu iki amilin birlikdə olması nəticəsində, hətta həssas mərkəzlərə hücum baş versə belə, İranın nüvə və müdafiə gücü qorundu və düşmən məqsədinə çata bilmədi. Analitiklərin fikrincə, düşmən indi informasiya və psixoloji təbliğatlarla bu ictimai birliyi və raket gücünü hədəf almağa çalışır ki, İranın hərbi gücünü zəiflətsin.
Sizcə baş verənlər nə idi və niyə bu müharibə 12 gündən sonra dayandı?
Məhəmməd Cavad Zərif: Mən düşünürəm ki, İranda, mənəvi gücümüz daha çox önəmlidir. Əgər biz raketlərə sahibiksə, bu, xalqımızın sayəsindədir. Biz xaricdən heç nə almamışıq. Xaricilər hər şeyi üzümüzə bağlayıblar. Mən danışıqlar apardığım vaxtlar deyirdim ki, biz müxtəlif ölkələrə gedirdik və yalvarırdıq ki, bizə bir raket versinlər.
Səddam şəhərlərimizi vururdu, hamı ona raket və imkanlar verirdi, amma bizə heç kim heç nə vermədi. Bəs bu raketləri kim düzəltdi? Xaricdən almadıq. Bu xalq düzəltdi. Silahlı qüvvələrimiz bu xalqın övladlarıdır, fədakardır, canından keçir, şəhid olur, amma bu silahları özü düzəldir. Niyə indi heç kim bizim nüvə gücümüzü məhv edə bilmir? Niyə Fordo, Nətənz və digər mərkəzlər vurulsa da, İranın nüvə gücü qalır? Çünki bu güc idxal gücü deyil, daxildən doğan bir gücdür. Bizim hərbi gücümüz daxili gücdür.
Biz orta məktəbdə bir səhv edəndə deyirdilər ki, get, valideyninlə gəl. İsrail getdi və sahibi, ABŞ-ni də özü ilə gətirdi. Təəssüflər olsun ki, İsrail öz mənafelərini və baxışlarını ABŞ-yə də qəbul etdirdi, halbuki ABŞ-nin baxışı tam olaraq sionist rejimin baxışı ilə üst-üstə düşmür. ABŞ-ni də bu müharibəyə sürükləsə də, yenə də heç nə əldə edə bilmədilər. Raket atdılar, pilotsuz uçuş aparatları gətirdilər, təyyarələr göndərdilər, bəs onları dayandıran nə oldu? Bir tərəfdən gördülər ki, Rəhbərin də dediyi kimi, “vur qaç” dövrü bitib! Birini vurdular, birini də yedilər. İndiyə kimi belə hücumla qarşılaşmamışdılar. İkincisi isə, gördülər ki, bu xalq onlarla həmrəy olmaq əvəzinə, İmam Hüseynin bayrağının arxasında duraraq sinə vurdular. Bəli, bu xalq sinə vurur və “İran, İran!” deyir!
İsrail şaha da rəhm etmədi, onlarla “İbrahim sazişi” imzalayan ölkələrə də.
İsrail onları himayə etmək əvəzinə öz səngərinə çevirdi. Həqiqət budur ki, bunların problemi İranladır və bu, bizim gücümüzün mahiyyətidir, biz bunu əldən verməməliyik.
Deməli, xalq amili çox güclü amildir. Tramp düşünürdü ki, bu xalqa təzyiq edərək üç aya hakimiyyəti devirə bilər. Söhbət hakimiyyətdən getmir, məqsəd İrandır. Düzdür, amerikalılar bəlkə İranın siyasətini sevmirlər, amma israillilər birbaşa İranı hədəf alıblar. Regional planlarına mane olan əsas ölkə kimi təkcə İranı görürlər. Biz görmüşük ki, hətta şah dövründə – şah İsrailin müttəfiqi olsa belə – İranda separatçı hərəkatlara dəstək verən əsas qüvvələr İsrail və bəzi ərəb ölkələri idi. Yəni bunların əvvəlcədən “İran” adlı bu ilahi varlıqla problemləri olub. Biz bunu qəbul etməliyik ki, onların məqsədi İranı parçalayıb bölməkdir.