İran XİN: AMIA işi üzrə İrana qarşı əsassız ittihamlar qəbuledilməzdir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi cümə günü yaydığı rəsmi bəyanatda, “AMIA işi” ilə bağlı İrana qarşı davam edən əsassız ittihamları qəti şəkildə rədd edib və bu ittihamların siyasi məqsədlərlə gündəmdə saxlanıldığını vurğulayıb.
Nazirliyin bəyanatında qeyd olunur ki, 1994-cü il iyulun 18-də Argentina paytaxtı Buenos-Ayresdə baş vermiş partlayış hadisəsi ilk günlərdən etibarən sionist rejimə bağlı bəzi çevrələrin müdaxiləsi ilə təhrif edilmiş və bu istiqamətdə aparılan kampaniyalar İran–Argentina münasibətlərinə ciddi zərər vurmuşdur.
Bəyanatda əlavə olunur ki, İran İslam Respublikası son 30 il ərzində dəfələrlə bu hadisə ilə bağlı öz aydın və prinsipial mövqeyini ortaya qoymuş, istənilən formada və istənilən yerdə terrorizmi qınamış və bu hadisənin beynəlxalq hüquqa, şəffaflıq və ədalət prinsiplərinə uyğun şəkildə araşdırılmasının vacibliyini vurğulamışdır.
Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, İran vətəndaşlarına qarşı irəli sürülən iddialar tamamilə əsassızdır və bəzilərinin Argentinanın məhkəmə orqanlarına siyasi təzyiqlərlə qərarlar qəbul etdirməsi qəbuledilməzdir. Nazirlik hadisənin əsl səbəbkarlarının və günahkarlarının müəyyənləşdirilməsini, həqiqətin üzə çıxarılmasını və ədalətin bərpa olunmasını tələb etdiyini bəyan edib.
İran XİN bəyanatında, bu cür siyasi ittihamların davam etdirilməsinin nə beynəlxalq hüquqa, nə də iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət etmədiyini xatırladaraq, beynəlxalq ictimaiyyəti məsuliyyətli və ədalətli mövqe tutmağa çağırıb.