Şanxay Əməkdaşlıq Təşkilatı üzvləri çoxtərəfli media diplomatiyasının gücləndirilməsi və saxta xəbərlərlə mübarizəyə çağırış etdilər

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirliklərinin sözçüləri və informasiya qurumlarının rəhbərlərinin toplantısı təşkilatın Pekində yerləşən katibliyində keçirilib. Görüşdə üzv ölkələrin media diplomatiyası sahəsində yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Toplantının əsas məqsədi media sahəsində koordinasiyanın gücləndirilməsi, xəbər təhriflərinə qarşı birgə mübarizə aparılması və ŞƏT-in sentyabr ayında keçiriləcək Zirvə Toplantısının media işıqlandırmasının əlaqələndirilməsi olub.
Bu iclasda İran İslam Respublikasını Xarici İşlər Nazirliyinin İctimai Diplomatiya Mərkəzinin informasiya və sözçülük işləri üzrə müavini Möhsün Şəmsizadə Ravəndi təmsil edib və ölkəmizin bu məsələyə dair mövqeyini təqdim edib.
O, çıxışında sionist rejim və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən təcavüzlərin müxtəlif aspektlərini, o cümlədən ölkənin əsas milli media qurumu olan İran İslam Respublikasının Radio və Televiziya təşkilatının binasına edilən hücumu ətraflı şəkildə izah edib. O, bu hücumların Qərb mediası tərəfindən rəsmi şəkildə qınanmaması, səssizlik və təhriflə qarşılanmasını kəskin şəkildə tənqid edib və medianın ictimai fikrin maarifləndirilməsi və həqiqətlərin çatdırılması baxımından mühüm roluna diqqət çəkib.
Şəmsizadənin sözlərinə görə, ABŞ-nin iştirakı ilə həyata keçirilmiş bu hücumlar nəticəsində minlərlə günahsız insan həlak olub, altı minə yaxın mülki şəxs yaralanıb. Qərbin aparıcı media qurumları bu hadisələri ya təhrif edib, ya da senzura ilə təqdim ediblər. O, həmçinin ŞƏT üzv dövlətlərinin sionist rejim və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən təcavüzləri qətiyyətlə pisləmələrini yüksək qiymətləndirərək təşəkkürünü bildirib.