Liberman: Biz İran təhlükəsinə qarşı qabaqlayıcı zərbə endirməliyik

İsrailin keçmiş müdafiə naziri Liberman İranın İsrailə qarşı “intiqam almaq fikrində olduğunu”, nüvə proqramını yenidən canlandırdığını və böyük bir hücuma hazırlaşdığını deyib və əlavə edib ki, İsrail qabaqcadan hücum etməlidir.
İsrail Hayom-un xəbərinə görə, İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman deyib ki, İran 12 günlük müharibədən sonra İsrailə qarşı “intiqam almaq fikrindədir”. Liberman əlavə edib ki, İsrail yaxın gələcəkdə yenidən hücuma keçmək məcburiyyətində qala bilər.
Müxalifətdə olan Yisrael Beytenu Partiyasının lideri Liberman Kanal 12-nin “Mətbuatla tanış olun” proqramında İran rəhbərliyinin “yalnız qisas haqqında düşündüyünü” deyib. “Kəşfiyyatın qiymətləndirmələri İranın nüvə imkanları haqqında nə deyirsə desin” deyən Liberman, hesablamalara görə, İranın nüvə proqramını yenidən qurması üçün 1-2 il çəkəcəyini bildirib.
Liberman deyib ki, Tehranın nüvə ambisiyaları “təhlükə” yaratmaqda davam edir, lakin “əsl narahatlıq odur ki, İran indi diqqətini İsrailə qarşı qisas müharibəsi aparmağa yönəldib”. “Hazırda onları maraqlandıran şey budur. İntiqam savaşı, hamısı budur” dedi.
Liberman İsrailin yenidən İrana hücum edib-etməməsi ilə bağlı suala, “Birinci olaraq yenidən hərəkətə keçmək bizim üçün faydalı olar” deyib. O əlavə edib ki, “Bu dəfə İran birinci zərbə endirmək istəyir”.
Liberman həmçinin bildirib ki, İranın nüvə proqramını canlandırmaq səyləri “yalnız nəzəri deyil”. “Ən böyük narahatlığının ballistik raketlər olduğunu” ifadə edən Liberman, “Sadəcə 26 raket İsraili vuranda nə olduğunu gördünüz. Bunun yaratdığı dağıntıları gördünüz” dedi. İranın minlərlə raketi olduğunu və çox daha böyük bir hücuma hazırlaşdığını iddia edən Liberman, “Təsəvvür edin, İsraili 26 deyil, 260 raket vursaydı nələr olardı” dedi.
Ona görə də Libermanın fikrincə, İsrailin başqa yolu yoxdur: “Biz ilk növbədə zərbə endirməliyik”. Liberman, Netanyahunun yerində olsaydı, bunu edəcəyini ifadə edərək, “Ümid edirəm ki, planlaşdırdıqları budur” dedi. Liberman həmçinin Mossad-a “yeganə məqsəd rejimin dəyişdirilməsi” təlimatı veriləcəyini ifadə edərək, “rejim dəyişikliyi”nin İranı İsrail üçün təhlükə olaraq aradan qaldırmağın yeganə yolu olduğunu müdafiə etdi.
İran və İsrail İsrailin 13 iyun 2025-ci ildə İrandakı nüvə və hərbi obyektlərə hücumu ilə başlayan 12 günlük müharibədə qarşı-qarşıya gəldi.
“İsrail Hayom”un məlumatına görə, İran İsrailin hücumlarına cavab olaraq 500-dən çox ballistik raket və təxminən 1100 pilotsuz təyyarə ilə İsraili hədəf alıb. İsrailin səhiyyə rəsmilərinin məlumatına görə, İranın zərbələri nəticəsində 29 nəfər ölüb, 3000-dən çox adam yaralanıb. İran ABŞ-ın hücumlarına cavab olaraq Qətərdəki Amerika bazasına da hücum edib.