Yağışla gələn təhlükə: Bitkiləri öldürür, insan qanında toplanır – Alimlər həyəcan təbili çalırlar

“Yağış və qarla birlikdə triflorasetik turşunun miqdarı artır”.
Oxu.Az xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunmuş məqalədə bildirilir.
Qeyd olunur ki, triflorasetik turşu (TFA) “əbədi kimyəvi maddələr” adlandırılan sintetik birləşmələr qrupuna aiddir. Bu maddələr ətraf mühitdə onilliklər, hətta əsrlər boyu parçalanmadan qala bilir.
TFA ətraf mühitə əsasən sənaye istehsalı və bəzi pestisidlərin parçalanması nəticəsində yayılır.
Məlumata görə, son illərdə bu turşunun miqdarı, məsələn, Almaniyada ağac yarpaqlarında 5-10 dəfə artıb. Bu fakt ekoloqlar arasında ciddi narahatlıq doğurur.
TFA həm suda, həm torpaqda, həm də insan qanında toplanaraq uzun müddət qalıcılığını saxlayır, çünki təbii yollarla parçalanmır. Tədqiqatlar göstərir ki, bu maddə bitkilərin böyüməsini ləngidə və su orqanizmlərinə zərər verə bilər.
Hazırda Avropada alimlər triflorasetik turşunun toksik maddələr siyahısına salınması məsələsini müzakirə edirlər. Çünki bu birləşmənin həm insanların, həm də heyvanların reproduktiv qabiliyyətinə və ümumilikdə ekosistemə mənfi təsir göstərdiyi artıq sübut olunub.