ChatGPT-dən istifadəyə görə vəkillərə hüquqi cəza verildi

ChatGPT-dən istifadəyə görə vəkillərə hüquqi cəza verildi

ABŞ federal məhkəməsi Alabama ştatını təmsil edən hüquqşünaslara qarşı intizam sanksiyaları tətbiq edib.

Musavat.com xəbər verir ki, səbəb ChatGPT-dən istifadə edərək məhkəməyə saxta məlumat təqdim etmələri olub.

“Associated Press”in xəbərinə görə, Alabama ştatının həbsxana sistemi ilə bağlı məhkəmə işlərində iştirak edən “Butler Snow” hüquq firmasının üç vəkili, baş hüquqşünas Uilyam Lunsford, eləcə də vəkillər Metyu Rivs və Uilyam Krenford məhkəmə sənədlərinə ChatGPT tərəfindən hazırlanmış uydurma məlumatları əlavə etdiklərinə görə cəzalandırılıblar.

Sözügedən vəkillər konkret işdən kənarlaşdırılıb. Bundan əlavə, onlara müştərilərini, həmkarlarını və digər məhkəmə proseslərində iştirak edən hakimləri bu məsələ ilə bağlı məlumatlandırmaq öhdəliyi qoyulub. Məhkəmə həmçinin həmin hüquqşünaslarla bağlı məlumatları intizam tədbirlərinə baxılması üçün Alabama Ştat Vəkillər Kollegiyasına təqdim edib.

Qeyd edək ki, “Butler Snow” hüquq firması 2020-ci ildən bu yana Alabama ştatının hüquqi müdafiəsi üçün 40 milyon dollardan çox qazanıb və əyalətdə əsas hüquqi tərəfdaşlardan biri sayılır.

İntizam cəzası ilə üzləşən vəkillər bildiriblər ki, onlar ChatGPT-dən hüquqi presedentləri araşdırmaq və məhkəmə təcrübəsini təhlil etmək üçün istifadə ediblər. Lakin təqdim etdikləri sənədlərdə faktları yoxlamadıqları üçün ərizələrə uydurma sitatlar daxil edilib. Hakim bu halı “həddindən artıq ehtiyatsızlıq” kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =