Ənsarullah liderindən sionistlərin işğal planlarına sərt etiraz

Ənsarullah liderindən sionistlərin işğal planlarına sərt etiraz

Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi Qəzzada son günlərdə yaşanan faciələri “dövrün ən böyük cinayəti” adlandıraraq İsrailin işğal planlarına və Qərbin buna verdiyi dəstəyə kəskin etirazını bildirib.

Əl-Husi çıxışında vurğulayıb ki, sionist rejim yüzlərlə dinc sakini bombalarla hədəfə alaraq, onları aclığa məhkum edib, minlərlə insanı isə yaralayıb. Onun sözlərinə görə, çadır düşərgələrinə və xəstəxanaların yaxınlığına edilən hücumlar günahsız insanların qəsdən hədəf seçildiyini göstərir.

Lider xüsusilə 250 min fələstinli uşağın ağır qidalanma səbəbindən ölüm təhlükəsi ilə üz-üzə qaldığını diqqətə çatdıraraq, bunun bəşəriyyət üçün utancverici mənzərə olduğunu qeyd edib.

Əl-Husi, bir neçə gün öncə su bidonunu daşıyarkən İsrailin raket hücumunda şəhid olan fələstinli qız uşağı Aminə əl-Muftinin faciəsini rejimin vəhşiliyini açıq şəkildə nümayiş etdirən nümunə kimi xatırladıb.

Yəmənli lider bildirib ki, işğalçı rejim Qərb Şəriyədə yeni yaşayış məntəqələri salmaqla bölgəni parçalamaq və Qüdsü tamamilə ayırmaq niyyətindədir. “Sionist düşmən hətta xəyali bir Fələstin dövlətini belə qəbul etmir,” – deyə o vurğulayıb.

Əl-Husi həmçinin Məscidül-Əqsaya qarşı təkrarlanan hücumlara diqqət çəkərək, işğal planlarının son məqsədinin bu müqəddəs məkanı dağıtmaq və yerində guya “Süleyman məbədi” inşa etmək olduğunu bəyan edib.

Ənsarullah lideri əlavə edib ki, Qərbin himayəsi ilə güclənən sionist planlar yalnız Fələstinə qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş bir zülm xarakteri daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − six =