Hollandiyada “İsrail” sanksiyaları ətrafında siyasi böhran: Nazir istefa verdi

Hollandiyanın müvəqqəti koalisiya hökumətində təmsil olunan Yeni Sosial Müqavilə Partiyasının (NSC) xarici işlər naziri Kaspar Veldkamp vəzifəsindən istefa verdiyini açıqlayıb.
Veldkamp bəyanatında bildirib ki, hökumətdəki digər tərəfdaş partiyalar İsrail rejiminə qarşı əlavə sanksiyaların tətbiqinə qarşı çıxıb və bu səbəbdən öz fəaliyyətini davam etdirməyi mümkünsüz hesab edib:
“Kabinet olaraq biz İsrailə qarşı artıq bir sıra addımlar atmışıq. Bunun üçün Hollandiya utanc duymamalıdır. Lakin Qəzza şəhərində baş verən hadisələr və İordan çayının Qərb sahilində yaşananlar fonunda əlavə tədbirlərin görülməsinə qarşı hökumət daxilində ciddi təzyiq hiss etdim.” – deyə Veldkamp vurğulayıb.
Niderlandın ictimai yayımçısı NOS, NSC-yə yaxın mənbələrə istinadən xəbər verib ki, Veldkampın istefasından sonra hökumətdə təmsil olunan digər NSC-li nazirlər də postlarını tərk etmək qərarına gəliblər.
Hazırda müvəqqəti hökumətdə NSC-nin bir baş nazir müavini, üç nazir və dörd dövlət katibi mövcuddur. Onların hamısının istefası, koalisiya daxilində mövcud olan siyasi böhranı daha da dərinləşdirə bilər.