Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü
Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfərinin sonunda ABŞ-ın Azərbaycan icmasının üzvləri ilə görüş keçirib.
“Report”un xarici müxbiri xəbər verir ki, görüş Azərbaycanın Vaşinqtondakı səfirliyində baş tutub.
Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əks hücum əməliyyatları barədə icma nümayəndələrini məlumatlandıran nazir Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhalinin, Gəncə, Mingəçevir, Tərtər və digər yaşayış məntəqələrinin hədəf alınması və nəticədə dinc insanlar arasında çoxsaylı itkilərin olması haqqında söz açıb.
Qeyd olunub ki, sülh danışıqları prosesində ciddi irəliləyiş əldə edilməyib və son iki ildə Nikol Paşinyan hökumətinin destruktiv siyasəti nəticəsində danışıqlar kifayət qədər pozulub. Nazir deyib ki, 2019-cu ilin avqust ayında Ermənistanın müdafiə naziri ABŞ-ın erməni icma üzvləri ilə görüşdə “yeni ərazilər üçün yeni müharibə” prinsipini təbliğ edərək, rəsmi Yerevanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirib.
Nazir Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasını xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Ermənistanın işğalçı siyasəti nəinki Azərbaycan, bütün region üçün təhlükədir. Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb.
C. Bayramov erməni lobbisinin dünyadakı təsir gücündən danışarkən onların yalanlarının qarşısında yalnız güclü Azərbaycan icmasının sipər olacağını bildirib. ABŞ-ın Azərbaycan icmasının Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasının vacibliyi qeyd olunub.:
“Biz Bakıdan Azərbaycan icmasının birliyini görürük və sizinlə qürur duyuruq. Sadəcə biz deyil, bütün dünya Azərbaycan diasporunun gücünü gördü. Sizin hər biriniz Azərbaycanın xarici ölkələrdə olan səfirlərisiniz və üzərinizə düşən vəzifənizi uğurla icra edirsiniz”.
Nazir icma üzvlərinin informasiya müharibəsində fəallıq göstərdiklərinə görə təşəkkürünü bildirib.