Husilər Yəmənin Mərib əyalətində strateji qərargahı ələ keçiriblər
Son həftələrdə Yəmənin Mərib əyalətində Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumət qüvvələri ilə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Ordusu” və “Xalq Komitələri” (Husilər) arasında döyüşlər daha da şiddətlənib. İkincinin qüvvələri mühüm irəliləyiş əldə edib.
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Ordusu” və “Xalq Komitələri” (Husilər) Yəmənin Mərib əyalətində yerləşən Maas hərbi qərargahını ələ keçirib və əyalətin mərkəzində daha da irəliləyib.
Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumət qüvvələri qərargahın itirildiyini etiraf ediblər.
Husilər qarşı tərəfin yüzlərlə ölü, yaralı və əsir verdiyini bildiriblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.