Hindistan hərbçiləri Pakistanda toy mərasimini atəşə tutub, xəsarət alanlar var
Pakistan ərazisinin Hindistan hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində aralarında altı qadın, dörd uşaq olmaqla, ümumilikdə on bir dinc sakin yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Pakistanın İdarələrarası İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) məlumat verib.
Qeyd edilir ki, Hindistan ordusu nəzarət xətti boyunca atəşin dayandırılması rejimini səbəbsiz pozub.
Təşkilatın məlumatına görə, mülki şəxslərə atəş Djiqdjot kəndində toy mərasimi zamanı raketlərlə və ağır minaatanlarla açılıb.
Pakistan tərəfi Hindistan ordusunun dinc sakinlərə qəsdən hücumunu 2003-cü ildə atəşin dayandırılması haqqında razılaşmaya zidd olaraq pozucu və qeyri-peşəkar akt adlandırıb.