Əvvəllər belələrini güllələyirdilər – Video

Əvvəllər belələrini güllələyirdilər – Video

Vətən müharibəsi sona çatdı. Yəqin ki, yaxın günlərdə qələbə paradı da keçiriləcək. Bununla da Azərbaycan tarixinin növbəti, ən parlaq səhifələrindən biri qapanmış sayılacaq. Yolumuz isə davam etməkdədir. Sözsüz ki, alimlərimiz, səlnaməçilərimiz bu 44 gün ərzində hərb və siyasət meydanında baş verənləri dərindən təhlil edəcək, gələcək nəsillərə dəqiq və müfəssəl informasiya ötürəcəklər. Amma bəzi məqamları artıq indidən tam dəqiqliyi ilə söyləmək mümkündür. Bu məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycan Ordusu xarici düşmənin başını əzdi. Lakin daxili düşmənlərimiz var və olacaq ki, onları da cəmiyyətimiz zərərsizləşdirməlidir.

Bu günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində ölkədə tarixçi, siyasi ekspert və müxalifət fəalı kimi təqdim edilən Altay Göyüşovun Vətən müharibəsinin başlanmasının ilk günü söylədikləri geniş müzakirə mövzusuna çevrilib. Rəy bildirənlərin demək olar ki, hamısı, bu adamın mövqeyini və səsləndirdiyi proqnozları birmənalı şəkildə pislədi. Bu da başadüşüləndir. Proqnoz vermək ümumiyyətlə çətin işdir. Xüsusən də sənin proqnozun milli maraqlara, dövlətçiliyə qarşı yönəlibsə. Altay Göyüşovun Vətən müharibəsinin ilk günündə Azərbaycan Ordusunun məğlubiyyətə məhkum olması barədə dediklərini başqa necə dəyərləndirmək olar ki? 

Elə təsəvvür yaranmasın ki, biz reallıqlardan üz çevirməyin, xəyallarımızın məhsulunu gerçəklik kimi təqdim etməyin tərəfdarıyıq. Əsla belə deyil. Lakin sözügedən məsəldə həm reallıq tarixçinin söylədiklərinə zidd idi, həm də mənəvi baxımdan belə mövqe ortaya qoymaq olduqca səhv addım idi. Xüsusən də nəzərə alsaq ki, o an artıq Azərbaycanda hərbi vəziyyət elan olunmuşdu. Hərbi vəziyyət isə hətta gündəlik davranışlara belə ciddi korreksiyanı labüd edir. Tam ciddi söyləyə bilərik: Altay Göyüşov müharibənin ilk günündə dediklərinin çox cüzi hissəsini İkinci Dünya müharibəsi zamanı keçmiş SSRİ-nin ərazisindəki hətta kiçik kolxozun iclasında belə söyləsəydi, onu güllələnmədən savayı hər hansı bir aqibət gözləməzdi. Təxribat və panika yaratdığı üçün. Müasir Azərbaycanda ölüm hökmü ləğv edilib. Amma yenə də Cinayət Məcəlləsində Göyüşovun davranışına uyğun bir maddə yəqin ki, tapılardı. Fəqət, proqnoz verən çoxdandır ki, Azərbaycan hüdudlarından kənarda yaşayır. Görünür, vətəni tərk etməklə tarixçi mənsub olduğu xalqın əzmini də, tarixini də, düşmənə olan nifrətini də yaddaşından silib atıb, yoxsa belə naşı və sarsaq fikir bildirməzdi. Ya da ki,… sadəcə ermənilərin sifarişini yerinə yetirib. Bu variantın doğruluğuna inanmaq istəmirik, ancaq elə proqnoz verən barədə belə də düşünmək qəbahət deyil. Hər halda çox inanmaq istərdik ki, cəmiyyətimiz, xüsusən də media qurumlarımız bu cür “ekspertləri” və “mütəxəssisləri” bir-bir ifşa edib onlara layiq olduqları münasibəti göstərəcəklər. Daha onları bizə dəyərli alim və ziyalı kimi sırımayacaqlar. 

Islam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =