Fələstinli hərəkatlar Mərakeş-İsrail əlaqələrinin rəsmiləşməsini tənqid ediblər
“İsrail ərəb dövlətlərilə əlaqələri rəsmiləşdirməklə işğal siyasətində daha da cürətlənir və işğal edilən ərazilərdə yeni yaşayış massivlərinin sayını artırır.”
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu HƏMAS-ın mətbuat katibi Hazim Qasim deyib.
Mərakeşlə İsrailin əlaqələrinin normallaşması və rəsmi əlaqələrə başlamaları ilə bağlı bəyanatlara toxunan HƏMAS nümayəndəsi bildirib ki, bu addım Fələstin probleminin həllinə ziyan vurur.
Fələstinin “İslami Cihad” hərəkatının sözçüsü Davud Şəhab Anadolu agentiyinə verdiyi açıqlamasında Mərakeşin atdığı addımı Qüdsə və Fələstinə qarşı xəyanət adlandırıb.
“Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi” də bəyanat yayaraq, Mərakeş-İsrail münasibətlərinin normallaşmasını, Fələstin və ərəb xalqının tarixində qara gün adlandırıb.
Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasın xüsusi nümayəndəsi Nəbil Şəas Anadolu Agentliyinə verdiyi açıqlamasında qeyd edilən addıma görə çox təəssüf etdiyini bildirib.
Qeyd edək ki, Mərakeş İsraillə münasibətlərini rəsmiləşdirən altıncı ərəb dövlətidir.