İlqar İbrahimoğlu zəfər sonrası ölkədə köklü dəyişikliklər etməyə çağırıb
İlahiyyatçı-filosof İlqar İbrahimoğlu zəfər sonrası ölkədə köklü dəyişikliklər etməyə çağırıb.
İnterAz xəbər verir ki, bu barədə İlahiyyatçı-filosof özünün facebook səhifəsində yazıb.
Köklü dəyişikliklər üçün unikal şans yaranmışdır
Ya Allah!
Bu günlər sevinclə kədər biri-birinə qatılıb.
Vətən müharibəsində xalqımızın qələbəsi…
Məğlubiyyət sindromundan qurtulmaq…
2783 qeyrətli balamızın ali şəhidlik məqamına ucalması hesabına torpaqlarımızın azadlığı…
Qarabağda şəhid qanı ilə geri qaytarılmış milli qürurun təntənəsi…
Cəbhəyanı ərazilərdə törədilən daşnak terroruna qarşı xalqımızın göstərdiyi əzm və mətanət…
Və…
Hələ taleyi tam bəlli olmayan torpaqlarımızın narahatlığı.
Yadellilərin Qarabağla bağlı öz planlarından ağız dolusu danışması.
Münaqişənin konservasiya edilə biləcəyi perspektivi.
Şəhid ailələrinə və müharibə əlillərinə verilən müavinətlərin iqtisadi reallıqlara adekvat olmaması.
Erməni terrorçularının hələ də torpaqlarımızda qalması və ara-sıra təxribat törətməsi…
Amma…
Bu müharibədə zabit-əsgər, komandanlıq-şəxsi heyət paradiqmalarında kifayət qədər səmimi münasibətlər bərqərar olundu, qarşılıqlı inam yaradıldı.
Əsgərlərimizin mənəvi durumuna dəstək, döyüşçülərimizin ibadətinə, o cümlədən əzadarlıq mərasimlərinə tam şərait yaradılması, azad olunan torpaqlarımızın simvolu olaraq məscidlərə vurğu edilməsi – bunları mübaliğəsiz olaraq, zəfərimizin rəhni hesab etmək olar.
Ordunun təminatının yüksək səviyyədə olması, o cümlədən, hərbi təchizat baxımından vəziyyətin korrupsion sxemlərə bulaşmaması qənaəti, texnikanın müasirlik nöqteyi-nəzərdən aktuallığı, şəxsi heyətin döyüş hazırlığı səviyyəsi, ümumi etimad atmosferinin mövcudluğu – bütün bunlar çox xoş, eyni zamanda haradasa öyrəşilməyən bir təəssürat buraxır.
İgid balalarımızın Şuşamızı əlbəyaxa döyüşdə Allahın lütfü ilə azad etməsi – yalnız texniki üstünlük hesabına qazanılan qələbə spekulyasiyasını alt-üst etdi və Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəmanlarımızın əslində Azərbaycan xalqına xas olan bir fenomen olması ideyasını təhtəlşüurlarda həkk etdi.
Nəcib xalqımız bu ZƏFƏRi qazandı və layiqincə qeyd etdi.
Amma Vətən müharibəsinin aktiv fazası geridə qaldıqca, dinc həyata qayıdış baş verincə, köhnə sosial mərəzlər yenidən gündəmə gəldi.
Təəssüflə qeyd etmək lazımdır ki, işsizlik, monopoliya, korrupsiya, bahalıq, oliqarxik kapitalizm, inzibati yanaşma, bürokratiya, ictimai oyun qaydalarının olmaması – bütün “çələng” problemlər həmişəki mövqelərini bərpa etmiş kimi görünür.
Ekstremal şəraitdə öz effektivliyini təzahür etdirmiş mexanizmlər, dinc həyata qayıdışda, hələ ki, cəmiyyətə transfer edə bilmədi.
İctimai oyun qaydalarının qurulmasının konturları da, hələlik, görünmür.
SMS icazə sisteminin meydana qayıtması – inzibati yanaşma tərzinin üstünlük təşkil etməsinə dəlalət edən amillərdəndir. Sərt karantin məhdudiyyətlərinə qayıdış, idarəetmə sistemində “daha rahat və öyrəşilən” modelin prioritetliyini təzahür etdirir.
Müharibə bitdi.
Qələbə bizimlədir.
İndi növbə daxilə çatmalıdır.
Əminik ki, iqtisadi sahədə, inizibati sahədə, məhkəmə, təhsil, səhiyyə sahəsində, idarəetmə sistemində köklü islahatlar getməli, ölkə həyatının bütün sferaları ASANlaşdırılmalıdır.
Düşünürük ki, yol xəritəsi belə ola bilər:
– qızıl amnistiya elan etmək;
– demonopolizasiyanı həyata keçirmək;
– rəqabət mühitinin yaradılması;
– KOVİD-lə yaşamağı öyrənmək;
– iqtisadi orqanizmə çoxmilyardlı bərpaedici inyeksiya etmək;
– çeşidli sosial proqramlara start vermək;
– legitim seçkilər keçirmək;
– azad məhkəmə sistemini təmin etmək;
Normal təhsil, səhiyyə, iş mühiti və ən əsası – korrupsiyanın bilmərrə aradan getməsi üçün unikal ictimai şans yaranıb.
Əlbəttə ki, bu sırada hicablı xanımların sənəd alarkən, öz əqidələrinə uyğun fotoşəkil təqdim etmək hüququ da mütləq qeyd edilməlidir.
Toplumda mənəvi kontent çox güclü amilə çevrilib, həqiqi vətənpərvərlik ab-havası təşəkkül tapıb.
Bizim hələ bu cür fürsətimiz olmamışdı.
Yenə də olacaqmı?
Biz xalq və dövlət olaraq indi yenidən başlaya bilərik.
İndi istifadə etməsək, tarix bu cür şansı təqdim etməyə bilər.
Allah bizlərə bu lütfü nəsib edib.
İstifadə etmək tofiqatı xeyli dərəcədə özümüzdən asılıdır.
Fürsəti fövtə verməyək…