Həzrət Zeynəbin (s.ə) uca məqamı

Həzrət Zeynəbin (s.ə) uca məqamı

20 Dekabr – 5 Cəmadiül – əvvəl – Həzrət Zeynəbin (s) mövlud günüdür

Həzrət Zeynəb (s.ə) həm Kərbəlaya gedən yolda İmam Hüseynə (ə) yoldaşlıq edərkən, həm Aşura günü baş vermiş hadisə zamanı o çətinlik və möhnətləri yaşayarkən, həm də Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra başsız qalmış uşaq və qadınların yeganə pənahı olduğu zaman misli-bərabəri görünməmiş, parlaq bir ilahi rəhbər simasında çıxış etdi. Tarixdə bunun bənzərinə rast gəlmək mümkün deyil. Sonrakı hadisələr zamanı, Həzrət Zeynəbin (s.ə) Kufədə, Şamda əsir olduğu dövrdə, eləcə də, artıq, həmin hadisələr başa çatdıqdan sonrakı dövrdə – İslam hərəkatında, islami təfəkkürün inkişafında, müsəlman cəmiyyətinin tərəqqisində də Zeynəbi-Kubra (s.ə) bu misilsiz ilahi rəhbər simasını qoruyub-saxlamışdır. Məhz özünün böyük və misilsiz mübarizliyinə görə Xanım Zeynəb (s.ə) Allah-Taalanın dərgahında sözlə ifadə olunmayacaq dərəcədə ali bir məqama malik olmuşdur. 

Özünüz düşünün! Qurani-Kərimdə Uca Yaradan iki qadını imanın kamilliyinə gözəl nümunə kimi göstərir. Eyni zamanda kafirliyə də nümunə olaraq iki qadını misal çəkir:

ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذينَ كَفَرُوا امرَأَتَ نوحٍ وَامرَأَتَ لوطٍ كانَتا تَحتَ عَبدَينِ مِن عِبادِنا

“Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan iki bəndənin (kəbini) altında idilər. (“Təhrim”, 10.)

Allah-Taala bu mübarək ayədə küfrə nümunə olaraq iki qadının adını qeyd edir. Yəni istər küfr, istərsə də iman baxımından kişiləri misal çəkmir, qadınları nümunə gətirir.

وَضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذينَ آمَنُوا امرَأَتَ فِرعَونَ

“Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi. (“Təhrim”, 11.)

Göründüyü kimi, Uca Allah məhz Fironun xanımını və Həzrət Məryəmi kamil imana nümunə kimi göstərir:

وَمَريَمَ ابنَتَ عِمرانَ

“İmran qızı Məryəmi də (məsəl çəkdi). (“Təhrim”, 12.)

Fironun xanımı ilə Zeynəbi-Kubra (s.ə) arasında aparılan kiçik bir müqayisə Zeynəbi-Kubranın (s.ə) nə qədər ali bir məqama malik olduğunu açıq-aşkar göstərir. Belə ki, Qurani-Kərimdə Fironun xanımı Qiyamət gününə qədər bütün kişi və qadınlar üçün imana nümunə kimi tanıtdırılır. Elə isə müqayisə edin: Həzrət Musaya (ə) iman gətirən və onun göstərdiyi doğru yola tapınan Fironun xanımı Fironun işgəncələri altında (o mübarək xanım tarixi materiallara və rəvayətlərə istinadən həmin işgəncələrdən də vəfat etmişdir) çəkdiyi fiziki ağrı-acılardan dilə gələrək Uca Tanrıdan belə istədi:

اذ قالت ربّ ابن لى عندك بيتا فى الجّنة

“Ey Rəbbim, mənim üçün Öz yanında – Cənnətində bir yer ayır!” (“Təhrim”, 11.)

Həmin an o, əslində, özünə ölüm diləyərək dünyanı tərk etmək istəmişdir.

وَنَجِّني مِن فِرعَونَ وَعَمَلِهِ

“Məni Fironun əlindən, onun (pozğun) əməllərindən xilas et. (“Təhrim”, 11.)

Halbuki Fironun xanımı Asiyanın bütün ağrı və əzabı yalnız fiziki xarakter daşıyırdı. O, Həzrət Zeynəb (s.ə) kimi neçə qardaşını, iki övladını, qohum-əqrəbasının çoxunu və qardaşı övladlarını itirməmiş, onları göz görə-görə qurbangaha yola salmamışdı. Zeynəbi-Kubranın (s.ə) çəkdiyi o mənəvi əzabları Fironun xanımı Həzrət Asiya çəkməmişdi. Aşura günü Zeynəbi-Kubranın (s.ə) bütün əzizləri gözləri qarşısında qurban gedərək bir-bir şəhid oldular. Seyyidüş-Şühəda Hüseyn ibn Əlinin (ə), Həzrət Əbülfəzl-Abbasın, Əliəkbərin, Qasimin, öz övladlarının, digər qardaşlarının da şəhadətini öz gözləri ilə görmüşdü. O əzəmətli qadının İmam Hüseynin (ə) şəhadətindən sonra da başı çox bəlalar çəkdi: düşmənin hücumu və təhqirləri ilə üzləşdi, uşaqların və qadınların məsuliyyətini öz öhdəsinə götürdü. Məgər bu müsibətləri fiziki işgəncələrlə müqayisə etmək olarmı?! Əsla! Hətta bütün bu əziyyətlərin müqabilində belə, Xanım Zeynəb (s.ə) aləmlərin Rəbbinə: ربّ نجّنى – “Məni xilas et!” – demədi. Aşura günü Zeynəbi-Kubra (s.ə) Allah-Taaladan bu cür dilədi: “Pərvərdigara! Bizdən bunu – bu qurbanı qəbul et!”

Qardaşının parça-parça olmuş bədəni gözləri önündə ikən ürəyini Uca Allaha açıb belə dedi:

“Pərvərdigara! Bu qurbanı bizdən qəbul et!”

Ondan: “Gördün, nələr etdik?”– deyə soruşduqda belə buyurdu:

ما رأيت الّا جميلا

“Gözəllikdən başqa bir şey görmədim!” (“Biharul-ənvar”, c.45, səh.116.)

Bütün bu bəlalar Zeynəbi-Kubranın (s.ə) gözündə gözəldir. Çünki Allah tərəfindəndir. Onun naminədir! Onun yolunda, Onun müqəddəs kəlməsi uğrundadır! Bir görün, nə qədər ali bir məqamdır, o qadının qəlbində haqqa və həqiqətə nə qədər güclü bir aşiqlik var! Görün, bu, Qurani-Kərimdə Həzrət Asiya haqqında nəql olunan məqamdan nə qədər fərqlənir! Bu, Həzrət Zeynəbin (s.ə) tutduğu məqamın aliliyini göstərir. Allah üçün görülən iş, bax, belə olar! Ona görə də Xanım Zeynəbin (s.ə) adı və gördüyü işlər bu gün hər kəsə nümunədir və yaddaşlarda yaşayır. İslam dininin yer üzündən yox olmaması və əbədi yaşaması, Allah bəndələrinin Onun qoyduğu yolla getməkdə davam etməsi faktı Hüseyn ibn Əli (ə) və Həzrət Zeynəbin (s.ə) gördüyü işlərə söykənir, onlardan güc alır. Yəni o böyük səbir, o güclü müqavimət, çətinliklər və müsibətlərə dayanış, bu gün özünüz də gördüyünüz kimi, dünyamızda dini dəyərlərin yayılmasına səbəb olmuşdur. Bu gün müxtəlif ideoloji məktəblərdə bəşəri vicdanla eyniləşdirilən bütün insani dəyərlər məhz dindən qaynaqlanır. Bu dəyərləri məhz din doğurmuşdur. Allah naminə görülən işin özünəməxsus cəhəti də budur. (Ali Rəhbər Ayətullah Xameneinin Hərbi Hava Qüvvələrinin komandanlığı və şəxsi heyəti ilə görüşündəki çıxışı – 08/02/2010.)

Maide.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =