London sakinləri paytaxtı kütləvi tərk edirlər FOTO
Böyük Britaniyanın paytaxtı Londonun sakinləri koronavirusun yeni növünün aşkarlanmasına görə məhdudiyyətlərin sərtləşdirilməsindən sonra şəhəri kütləvi tərk etməyə başlayıblar.
Bu barədə “Report” “The Daily Mail” tabloidinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, şəhər sakinləri yeni məhdudlaşdırıcı tədbirlərin qüvvəyə minməsinə qədər Londondan çıxmağa çalışırlar. Onlar şəhərin böyük vağzallarında yığılıblar. Həmçinin ölkənin başqa hissələri ilə Londonu əlaqələndirən əsas avtomobil magistrallarında da böyük tıxaclar yaranıb.
Daha əvvəl Böyük Britaniya hakimiyyəti təsdiqləyib ki, ölkədə aşkarlanmış koronavirusun yeni növü adi COVID-19-dan 70 faiz daha yoluxucu ola bilər və əhalidən daha çox ehtiyatlılıq tələb edir. Bu halda qeyd edilir ki, onun ölüm faizi və ya xəstəxanaya yerləşdirmə nöqteyi-nəzərindən yüksək təhlükəsi özünü göstərmir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, koronavirusun yeni ştammı həmçinin Niderlandda, Danimarkada və Avstraliyada da aşkarlanıb. Koronavirusun yeni növünün üzə çıxarılmasına görə bir sıra ölkələr Böyük Britaniya ilə nəqliyyat əlaqəsini dayandırmağa qərar verib.