Ailəsinə şəhadət xəbəri verilən qazimiz: “Atamla danışanda mənə inanmadı, dedi, şəhid olmusan” – MÜSAHİBƏ

Ailəsinə şəhadət xəbəri verilən qazimiz: “Atamla danışanda mənə inanmadı, dedi, şəhid olmusan” – MÜSAHİBƏ

Azərbaycanın tarixi qələbəsi. 2020-ci ilin ən yadda qalan hadisələrindən biri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi oldu.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2823 nəfər hərbi qulluqçusu şəhid olub.

Qələbəyə aparan 44 günlük müharibədə əzmlə mübarizə aparan qazilərimiz tarix yazdı. Onlardan biri də Əkbərov Xəyal Hüseyn oğludur.

X.Əkbərov Saatlı rayonunda anadan olub. Ailədə dörd nəfər olduqlarını deyən 24 yaşlı qazimiz müharibənin ilk günlərindən ön cəbhədə olub.

Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı Xəyal Əkbərov deyib ki, Füzuli istiqamətində döyüşə girən ilk qrupların arasında olub:

“Sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərlə mübarizəyə başladıq. Döyüşlər başlayanda ailəmizlə əlaqə saxlamaq imkanımız olmadı. Onlar nigaran qalsalar da, cəbhədə vəziyyət çox yaxşı idi. Bizim qələbə qazanacağımız müharibənin elə ilk günlərindən bəlli idi. Düşmən döyüşdən ordumuzun qabağından qaçırdı. Biz isə saatbasaat irəli gedirdik”.

“Mən döyüşlərdə olanda ailəmə şəhid xəbərim gəlib”…

Xəyal deyir ki, silah yoldaşları ilə döyüşdə olan zaman yanlışlıqla ailəsinə onun şəhid olduğunu deyiblər:

“Xəbərim olmayıb, sonradan bunu mənə dostlarım dedi. Biz döyüşdə olan zaman ailəmə şəhid olduğumu deyiblər. Bütün rayon sakinləri də baş sağlığı vermək üçün bizim evə yığışıb. Artıq təsəvvür edə bilmirəm necə vəziyyət yaranıb.

Oktyabrın 1 atamın doğum günüdür. Ağlımda idi ki, fürsət tapan kimi ona zəng edim. Həm təbrik edim, həm də salamat olduğumu deyim. Zəng edəndə atam mənə inanmadı. Onda bildim ki, nəsə olub. Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub. (gülür).

O, mənə inanmadı ki, danışan özüməm. Telefonu qardaşıma verdi. Qardaşımdan sonra telefonu anam götürdü, onunla da danışdım. Nəhayət inandılar ki, danışan özüməm. Sağ-salamatam”.

Oktyabrın doqquzunda düşmən Azərbaycan ordusunun mövqelərini atəşə tutur:

“Füzuli rayonu Qaraxanbəyli kəndi istiqamətində olanda günorta radələrində düşmən bizim mövqelərimizi atəşə tutdu. Cavab atəşi ilə erməni hərbçilərini yerində oturtduq. Bir qədər irəlilədikdən sonra yenidən minaatanlardan atəş açdılar. Mərmi bizim yaxınlığımıza düşdü. Silah yoldaşlarımdan yaralananlar, şəhid olanlar oldu. Mən də ilk yaramı elə orda aldım”.

“Kliniki ölüm keçirdim, elə bildilər ölmüşəm”

Xəyal deyir ki, bir anlıq özü də öldüyünə inanıb:

“Özümə gələndə bir anlıq inanmadım. Qolum şəhid qardaşlarımın altında qalmışdı. Sol qolumun da çiyin sümüyü yox idi. Sağ əlimlə güc tapıb sol qolumu şəhid olan yoldaşlarımın altından çıxardım. Ayağa qalxmaq istəyəndə yenidən atılan minaatan mərmisi yaxınlığıma düşdü. Onun dalğası məni iki metr uzağa atdı. Artıq onda daha ağır yaralandım. Zərbədən belim sındı və bundan sonra qamətimi doğruldub tərpənə bilmədim”.

“Çiynimdən qan su yerinə axırdı”

Bir müddət döyüş meydanında qalan Xəyal 10 dəqiqə tez gələn silah yoldaşları sayəsində sağ qaldığını deyir:

“Mən Aprel döyüşlərində də iştirak etmişəm. Müharibəni ilk dəfə yaşamırdım. Amma çox qan itimişdim deyə artıq ağrılardan şoka düşürdüm. Güclə üzümü göyə çevirdim, kəlmeyi-şəhadət gətirib, “Allahu Əkbər” dedim. Yoldaşlarım məni görürdü, ancaq yaxınlaşmaq mümkün deyildi. Dayanmadan atəş açırdılar. Başımın üzərindən gedən güllələri gördükcə, sağ qalacağıma ümidim daha da azalırdı.

6-7 metr sürünə-sürünə yoldaşlarıma tərəf getməyə çalışdım. Şükür ki, ordan məni götürə bildilər. Daha sonra məni xəstəxanaya göndərdilər. Qələbə xəbərini də xəstəxanada aldım. Vətənə borcumuzu layiqincə yerinə yetirdiyim üçün çox şadam.”

Xatırladaq ki, ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xəyal Əkbərov “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 8 =