“Bir maaşı 3-5 dəfəyə verirlər, artıq işdən də əlimiz soyuyub…” – SOCAR-dan AÇIQLAMA

“Bir maaşı 3-5 dəfəyə verirlər, artıq işdən də əlimiz soyuyub…” – SOCAR-dan AÇIQLAMA

“Bahar Enerji” Əməliyyat Şirkətinin işçiləri aylardır yığılıb qalan əmək haqlarını ala bilmədiklərindən şikayətçidirlər. Oktyabr ayında maaşlarının bir hissəsinin ödəndiyini deyən əməkdaşlar noyabr və dekabr aylarının məvaciblərinin hələ də gecikdiyini deyirlər. Neftçilər əməkhaqqı tələbi ilə şirkətin binası qarşısına toplaşaraq etiraz ediblər. 

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov açıqlama verib. O, “Bahar Enerji” Əməliyyat Şirkətində işçilərin maaşlarının gecikməsi faktını təsdiqləyib. Bildirib ki, ötən ilə qədər Dövlət Neft Şirkəti qaz hasilatçılarından qazı alıb qaz paylayıcılara ötürüb. Həmin hasilatçı şirkətlərdən biri də “Bahar Enerji” Əməliyyat Şirkətidir:

“Abonentlərdən SOCAR-a kommunal ödəniş gəlirdi və hökumətin nəzarəti altında olan bu hesabdan biz “Bahar Enerji” Əməliyyat Şirkətinə pul ödəyirdik. Burada söhbət əsasən “Azərenerji”nin ödənişlərindən gedir. Çünki “Azəriqaz”ın ödənişləri birbaşa gəlirdi, amma “Azərenerji”nin ödənişləri həmin hesab vasitəsilə gəlirdi. Burada ləngimə yaranmışdı. Kommunal hesabdan bizə köçürmə məsələsində bu ləngiməyə görə SOCAR da pulu “Bahar Enerji” Əməliyyat Şirkətinə köçürə bilmirdi və buna görə işçilərin pulunu ödəyə bilmirdilər. Bununla bağlı müzakirələrimiz, müraciətlərimiz olub və ümid edirik ki, məsələ tezliklə öz həllini tapacaq və komunal hesaba pul köçürüləcək. Ola bilər ki, bu günlərdə, bu saatlarda köçürülsün”. 

İ. Əhmədov həmçinin bildirib ki, bu ildən etibarən əvvəlki qayda dəyişib və “Azərkontrakt” ASC yeni bir subyekt kimi meydana daxil olub. Artıq bütün ödənişlər bu şirkət vasitəsilə gerçəkləşdiriləcək:

“Daha əvvəl qaz hasilatçılarından qazı alıb qaz paylayıcılara qazı ötürən qurum SOCAR idi. SOCAR əvvəl həm özü qaz çıxarırdı, həm də qazı özündən və başqalarından alıb qazpaylayıcı şəbəkələrə, topdan satan istehlakçılara ötürürdü. Nazirlər Kabinetinin qərarı ilə bundan sonra bu öhdəlik “Azərkontrakt” ASC-nin üzərinə qoyulur. Ümid edirik ki, bu cür ləngimələr bundan sonra olmayacaq”.

Xatırladaq ki, “Bahar Enerji” Əməliyyat Şirkətinin bir qrup işçisi “Anews”a əmək haqlarının gecikməsiylə bağlı şikayət etmişdilər. Şirkət əməkdaşlarının sözlərinə görə ötən ilin iyun ayından bəri maaşlarında gecikmələr var. 

Şikayətçi Sərdar Quliyev bildirmişdi ki, iki aydan çoxdur maaş görmürlər: “Bilmirik niyə belə edirlər, qaz çıxarılır, iş gedir, amma iki aydan çoxdur maaş ala bilmirik. Oktyabrda əmək haqqımızın 50 faizini ödəyiblər, noyabr, dekabr aylarında isə maaş ala bilməmişik. Qoy çıxıb bizə səbəbi desinlər ki, niyə belə olub”.

Digər şikayətçi Cəmşid Tağıyev isə kirayə və bank borclarının yığıldığını, çətinlik içərisində yaşadıqlarını deyib: “6-7 aydır ki, krediti ödəyə bilmirəm. Bəlkə də faizi 1500-2000 manata çıxıb. Bir maaşı 3-5 dəfəyə verirlər. Artıq işdən də əlimiz soyuyub…”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − three =