Rəsmi Dəməşq: ABŞ həbsdə saxladığı İŞİD silahlılarını Suriya Ordusuna hücum üçün hazırlaşdırır
ABŞ Fəratın şərqində Həsəka həbsxanasında saxlanılan İŞİD terrorçularını yeni hücumların həyata keçirilməsi məqsədilə ət-Tənif bölgəsinə köçürür.”
İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Dövlət xəbər agentliyi SANA məlumat yayıb.
Bildirilib ki, ABŞ Fəratın şərqində kürd bölmələrinin nəzarətindəki Həsəka həbsxanasında saxlanılan İŞİD üzvlərindən onlarla şəxsi, Suriya-İordaniya sərhədində yerləşən ət-Tənif bölgəsindəki bazasına köçürüb.
Həsəka şəhərinin cənub girişində yerləşən “əs-Sinaiyyə” həbsxanasından 70 İŞİD üzvü artıq ət-Tənifə aparılıb.
Əlavə edilib ki, İŞİD üzvləri ət-Tənifdən start götürərək, dəfələrlə Suriya səhrasında müxtəlif hücumlar həyata keçiriblər.
Qeyd edək ki, ABŞ qeyri qanuni olaraq Suriya, İraq və İordaniya sərhədində ət-Tənif adlı bölgədə baza yaradıb. ABŞ qüvvələri Suriyada ümumilikdə 25 hərbi mövqe və bazada yerləşiblər. ABŞ qüvvələri əsasən Fəratın şərqində kürd bölmələrinin nəzarətindəki neft quyularının ətrafında yerləşiblər.