İsrail rəsmiləri digər ölkələrdə həbs olunacaqlarından qorxurlar

Beynəlxalq Ədalət Məhkəməsinin işğal olunmuş Fələstin ərazilərində insanlığa qarşı cinayətləri araşdırmaq üçün bu məhkəmənin səlahiyyətinə dair cümə günü çıxardığı qərarından sonra İsrail rəsmilərinin digər ölkələrdə həbs olunma ehtimalı ilə bağlı narahatlıqları artıb.
Qafqaztimes beynəlxalq KİV-ə istinadən xəbər verir ki, “Haaretz” qəzeti, Sionist təhlükəsizlik orqanlarının Haaqa məhkəməsinin qərarını Təl-Əviv rejiminə “diplomatik zərbə” olaraq qəbul etdiyini və həbs olunmamaları üçün xaricə səfər etməməyə tövsiyə olaraq rejim rəsmilərinin gizli bir siyahısını hazırladıqlarını yazır. Bu siyahıda 200-300 sionist məmurunun adları yer alacağı diqqətə çatdırılır.
“Baş nazir Benyamin Netanyahunun, hazırkı və sabiq təhlükəsizlik nazirlərinin, hazırkı və sabiq Baş Qərargah Rəisləri və İsrail Təhlükəsizlik Agentliyinin (Şabak) rəhbərləri ilə yanaşı yüksək rütbəli zabitlərin də adları bu siyahıya daxildir” deyə “Haaretz” qəzeti əlavə edib.
Xatırladaq ki, ötən həftənin Cümə günü Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərar İsrail rəsmilərini qəzəbləndirib. Netanyahu isə bu məhkəmənin rejimin məsələlərini araşdırmaq üçün lazımi yurisdiksiyaya malik olmadığını bildirib.